
Son illərdə elektron siqaretlər ənənəvi tütün siqaretlərinin yerini almağa başlayıb. Bər-bəzəkli, rəngarəng görüntüləri ilə nə qədər məsum görünsə də araşdırmalar bu cür siqaretlərin də ciddi zərərlər verə biləcəyini göstərir.

Bu barədə E-saglam.az-a Məlhəm Hospitalın Uzman kardioloqu Ülvin Həbibova məlumat verib.
Elektronik siqaret nədir?
Elektron siqaret tütün siqaretlərinə alternativ olaraq istifadə edilən bir cihazdır. Elektron siqaretdə akkumulyatorla işləyən istilik sistemi xüsusi mayeni buxara çevirir və həmin buxarla nəfəs almağa imkan verir. Adətən bu mayeyə nikotin və bəzi maddələr əlavə edilir. E-siqaretlərin tütün siqaretlərinə nisbətən daha az zərərli olması mümkündür, amma bu onların tamamilə təhlükəsiz olduğu anlamına gəlmir.
E-siqaretin zərərləri nələrdir?
Düzdür,tütün siqaretlərindəki bir çox zərərli maddələr (məsələn, karbon monoksid, qətran və digər kimyəvi birləşmələr) elektron siqaretlərdə yoxdur, amma e-siqaretlərin tərkibində nikotin, propilen qlikol, süni dadlandırıcılar və aromatizatorlardan istifadə olunmaqdadır. Hansı ki, bu kimyəvi maddələrin buxarı və həmçinin cihazın isitici sistemindən ayrıla biləcək ağır metal birləşmələri də ciddi sağlıq problemləri yaratmaqdadır. Bununla yanaşı e-siqaret istifadə yaşının daha erkən olması və daha uzun müddətli məruziyəti sayəsində bu zərərlər çox erkən müşahidə oluna bilir. Həm ənənəvi siqaretlər, həm də e-siqaretlər tənəffüs sistemi, mədə-bağırsaq sistemi, sinir sistemi və ən əsası ürək-damar sistemi xəstəliklərinə səbəb ola bilir.
E-siqaretlərin ürək-damar sisteminə təsiri nələrdir ?
Bu e-siqaretlərin əsas təsir komponenti olan nikotinin orqanizmə daxil olması ilə əlaqəlidir.
1. Qan təzyiqinin yüksəlməsi: Nikotin qan damarlarını daraldır və buna görə də qan axını çətinləşdirir. Nəticədə, ürək qanı daha sürətli və daha güclü şəkildə vurmağa başlayır ki, bu da qan təzyiqinin yüksəlməsinə səbəb olur. Yüksək qan təzyiqi, ürək xəstəliklərinin və insult riskinin artmasına yol aça bilər.
2. Ürək ritminin pozulması: Nikotin, ürək döyüntüsünü sürətləndirə bilər. Uzun müddət ərzində bu, ürək ritminin pozulmasına, aritmiyaya (ürək ritminin nizamsızlığına) və ürək çatışmazlığına gətirib çıxara bilər.
3. Xolesterol səviyyələrinin dəyişməsi: Elektron siqaretlər həmçinin bədəndəki xolesterol səviyyələrini təsir edə bilər. Yüksək xolesterol, ateroskleroz (qan damarlarının sərtləşməsi və daralması) kimi xəstəliklərin inkişafına səbəb ola bilər.
4. Damarların elastikliyinin azalması: Elektron siqaretlərdəki buxar, damar divarlarını zədələyə və onların elastikliyini azalda bilər. Bu da qan damarlarının daralmasına, qan dövranının pozulmasına və nəticədə ürək xəstəliklərinin artmasına gətirib çıxara bilər.
Nəticə etibarilə sağlamlıq üçün ən yaxşı seçim, nikotin və digər zərərli maddələrin istifadəsindən tamamilə çəkinməkdir. Necə deyərlər "İlanın ağına da lənət, qarasına da...".