Ən yüksək kateqoriyalı kardioloq, tibb üzrə fəlsəfə doktoru Valentina Qavrilyak bildirib ki, mövsüm dəyişiklikləri ürək və qan damarları üçün ciddi sınaq ola bilər.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, xüsusilə qışdan yaza keçid dövrü ürək xəstəlikləri və hipertoniyası olan insanlar üçün daha çətin keçir.
Mütəxəssis qeyd edib ki, temperatur və atmosfer təzyiqində baş verən dəyişikliklər xroniki xəstəlikləri olan insanlarda vəziyyətin ağırlaşmasına səbəb ola bilər. Bu səbəbdən belə şəxslərin ilk növbədə həkim tərəfindən təyin edilmiş dərmanların qəbulunu dayandırmaması vacibdir.
Qavrilyak həmçinin qan təzyiqini müntəzəm nəzarətdə saxlamağı tövsiyə edib. Onun sözlərinə görə, təzyiq göstəricilərini gündəlik qeyd etmək və lazım olan dərmanların həmişə əl altında olması vacibdir.
Kardioloq sağlam həyat tərzi qaydalarına da diqqət çəkib. O bildirib ki, mövsüm dəyişiklikləri zamanı yuxu rejiminə əməl etmək və kifayət qədər istirahət etmək xüsusilə vacibdir. Yatmazdan əvvəl təmiz havada gəzinti etmək, həmçinin qidalanmaya diqqət yetirmək tövsiyə olunur.
Həkim yağlı qidaların azaldılmasını, tünd çay, qəhvə və spirtli içkilərin isə mümkün qədər məhdudlaşdırılmasını məsləhət görüb. Eyni zamanda, rasionda meyvə və tərəvəzlərin daha çox yer alması tövsiyə edilir.
Qavrilyak erkən yaz dövründə soyuqdəymə və virus infeksiyalarının daha geniş yayıldığını da xatırladıb. Onun sözlərinə görə, profilaktik tədbirlərə riayət etmək, hava şəraitinə uyğun geyinmək, gigiyena qaydalarına əməl etmək və zərurət olduqda ictimai yerlərdə maska taxmaq sağlamlığın qorunmasına kömək edə bilər.
Tərcümə: Könül Oruc