Tibbi xəbərlər
Mikroplastiklər insan beyninə sızıb:
Tibbi xəbərlər
113

Mikroplastiklər insan beyninə sızıb: onların təsiri nədir?

Alimlər ilk dəfə insan beynində mikroplastik hissəciklərin yığılmasını aşkar ediblər. Hələlik onların sağlamlığa zərər verib-vermədiyi tam sübut olunmasa da, bu tapıntı ciddi narahatlıq doğurur.

E-saglam.az-ın məlumatına görə, mikroplastiklər artıq dağ zirvələrindən okean dibinə, nəfəs aldığımız havadan yediyimiz yeməyə qədər hər yerdə aşkar edilir. İndiyədək onlar ağciyər, ürək və plasenta kimi orqanlarda tapılmışdı. İndi isə beyin toxumalarında da izlərinə rast gəlinib.

Bu mövzu, gələn həftə Cenevrədə keçiriləcək BMT-nin plastik çirklənmə ilə bağlı müqavilə danışıqlarının əsas gündəm maddələrindən biri olacaq. Lakin alimlər hələ bu hissəciklərin insan sağlamlığına konkret təsirlərini müəyyənləşdirə bilməyiblər.

Bir beyin, bir plastik qaşıq qədər mikroplastik

Fevral ayında Nature Medicine jurnalında dərc edilən araşdırmada, 2016-cı ildə vəfat etmiş 28 və 2023-cü ildə vəfat etmiş 24 nəfərin beyin toxumaları analiz edilib. Nəticədə illər keçdikcə mikroplastik miqdarının artdığı aşkar olunub.

Tədqiqatın müəllifi, toksikoloq Metyu Kampen, beyinlərdə təxminən plastik qaşıq və ya istifadə olunmamış karandaş ağırlığında — yəni təqribən 10 qram — mikroplastik tapdıqlarını bildirib.

Alimlər ehtiyatlı yanaşır

Şotlandiyadakı Heriot-Watt Universitetindən toksikoloq Teodor Henri, nəticələrin hələ müstəqil şəkildə təsdiqlənmədiyini vurğulayaraq ehtiyatlı şərh edilməsini tövsiyə edib.

Avstraliyadakı RMIT Universitetinin kimya professoru Oliver Cons isə mikroplastiklərin beyinlərdə çirkab sulardakından daha yüksək səviyyədə olmasının “çox az ehtimal” olduğunu deyib:

“Mikroplastiklərin beynimizdə mövcud olması mümkündür, amma hazırda onların zərər verdiyinə dair sübut yoxdur”.

Ürək-damar xəstəlikləri ilə mümkün əlaqə

Mikroplastiklərin sağlamlığa təsirləri barədə aparılan tədqiqatların çoxu müşahidə xarakteri daşıyır və səbəb-nəticə əlaqəsini dəqiq ortaya qoya bilmir.

Keçən il New England Journal of Medicine jurnalında dərc edilən bir araşdırma, qan damarlarında yığılan mikroplastiklərin infarkt, insult və ölüm riskini artıra biləcəyini göstərib.

Bundan əlavə, yanvar ayında Science Advances jurnalında dərc edilən təcrübədə siçanların beyinlərində də mikroplastik hissəciklər aşkar edilib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun