Sağlamlıq
Maqneziumun kolon xərçənginə
Sağlamlıq
93

Maqneziumun kolon xərçənginə təsiri varmı?

Yarpaqlı göyərti, qoz-fındıq və tam taxıllar kimi maqneziumla zəngin qidalar kolorektal (yoğun və düz bağırsaq) xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda bilər.

E-saglam.az-ın məlumatına görə, yeni elmi araşdırmalar bu vacib mineralın xərçəngin qarşısının alınmasında mühüm rol oynadığını göstərir.

Kolon xərçəngi dünyada ən çox rast gəlinən və ölümə səbəb olan xərçəng növlərindən biridir. Lakin mütəxəssislər vurğulayırlar ki, bu xəstəliyin böyük bir hissəsinin qarşısı düzgün həyat tərzi və qidalanma ilə alına bilər. Bu kontekstdə son illərdə maqnezium mühüm diqqət mərkəzinə çevrilib.

Maqnezium necə təsir göstərir?

Maqnezium əzələ və sinir funksiyalarını tənzimləməklə yanaşı, hüceyrə artımını nəzarətdə saxlamaq, iltihabı azaltmaq və DNT-ni qorumaq kimi proseslərdə də fəaldır. Bu isə xərçəngin yaranmasına qarşı müdafiə mexanizmlərinin güclənməsi deməkdir.

2012-ci ildə American Journal of Clinical Nutrition jurnalında yayımlanan bir meta-analiz gündəlik pəhrizə əlavə edilən hər 100 mq maqneziumun kolorektal xərçəng riskini 12% azaltdığını göstərib. 2005-ci ildə JAMA jurnalında dərc olunan digər bir tədqiqat isə 40-75 yaş arası qadınlarda yüksək maqnezium qəbulunun kolon xərçəngi riskinin az olması ilə əlaqəli olduğunu qeyd edib.

2022-ci ildə Biological Trace Element Research jurnalında yer alan laboratoriya araşdırmalarında isə maqneziumun bəzi xərçəng hüceyrələrinin böyüməsini yavaşlatdığı və hətta onların ölümünü təşviq etdiyi qeyd olunub.

Maqneziumun təsir mexanizmləri:

  • DNT təmirini dəstəkləyir: Aşağı maqnezium səviyyələri DNT zədələnməsinə səbəb ola bilər.

  • İltihabı azaldır: Xroniki iltihab kolon xərçəngi üçün əsas risk faktorudur.

  • Hüceyrələrin anormal bölünməsini ləngidir: Bu xüsusiyyət xərçəngin inkişafını əngəlləyə bilər.

Maqneziumla zəngin qidalar:

  • Yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, kələm, İsveçrə pazı)

  • Qoz, badam, balqabaq və çia toxumları

  • Paxlalılar (mərci, noxud, lobya)

  • Tam taxıllar (quinoa, yulaf, qəhvəyi düyü)

  • Az yağlı süd məhsulları

  • Omeqa-3 ilə zəngin balıqlar (qızılbalıq, skumbriya)

Diyetoloqlar qadınlara gündə 310-320 mq, kişilərə isə 400-420 mq maqnezium qəbul etməyi tövsiyə edirlər. Bu miqdarlar sağlam və balanslı pəhrizlə asanlıqla əldə oluna bilər.

Maqnezium tək başına xərçəngi tamamilə önləyə bilməsə də, onunla zəngin qidalarla bəslənmək kolon xərçəngi də daxil olmaqla bir çox xəstəliklərin riskini azalda bilər. Sağlamlıq məqsədilə gündəlik rasionda maqneziumlu məhsullara daha çox yer vermək tövsiyə olunur.

Məqalə yalnız məlumat məqsədi daşıyır. Diaqnoz və müalicə üçün həkimə müraciət edilməlidir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun