Müasir həyatın sürətli ritmi, stress və qeyri-sağlam qidalanma bir çox böyüklərdə yuxu pozğunluqlarına səbəb olur.
E-saglam.az xəbər verir ki, tədqiqatlara görə, böyüklərin 60%-dən çoxu keyfiyyətsiz yuxudan əziyyət çəkir. Bu, təkcə yorğunluqla nəticələnmir, eyni zamanda ürək-damar xəstəlikləri, diabet və psixi problemlər üçün risk yaradır.
Yuxusuzluqla mübarizə üçün ən çox istifadə edilən əlavələr arasında maqnezium və melatonin yer alır. Hər ikisi təsirli olsa da, fərqli mexanizmlərlə işləyir.
Maqneziumun rolu:
Maqnezium sinir sistemini sakitləşdirir, əzələləri rahatladır və qamma-aminobutirik turşusunun səviyyəsini tənzimləyərək yuxunu dəstəkləyir. Yaşıl yarpaqlı tərəvəzlər, toxumlar və tam taxıllarda bol olan bu mineral, xüsusilə uzunmüddətli stressin azaldılmasında təsirli olur. Lakin təsiri bir neçə həftəyə üzə çıxır və yüksək dozalarda ishal və kramplar yarada bilər.
Melatoninin rolu:
Melatonin – orqanizmin “yuxu hormonu” – bədəndə təbii olaraq ifraz olunur və bioloji saatı tənzimləyir. Gecə iş rejimində çalışanlar, jet lag yaşayanlar və gec yuxuya gedənlər üçün daha təsirlidir. Qısa müddətli istifadə üçün uyğundur, lakin uzunmüddətli istifadənin təhlükəsizliyi tam sübuta yetirilməyib.
Tərcümə: Könül Oruc