Uşaqların əksəriyyəti körpə vaxtı “toppuş” olub sonradan arıqlayır ki bu da anaları təşvişə salır.
E-saglam.az pediatr Günay Rəsulovanın mövzu ilə bağlı yazısını təqdim edir.
Uşaqların əksəriyyəti körpə vaxtı “toppuş” olub sonradan arıqlayır ki bu da anaları təşvişə salır. Düşünürlər ki, ya uşağın artıq iştah problemi yaranıb, ya da ki artıq onlar uşağa yaxşı baxa bilmir. Əslində isə bu hal tamamilə normal haldır və narahatlığa heç bir əsas yoxdur.
1 yaşa qədər körpələr sürətli inkişaf etdiyinə görə onlarda qida ehtiyacı çox olur və körpə 3-4 saatdan bir acıb yemək istəyir, çəkisini isə ilk 6 ay, hər ay 600-800 qram, 6 aydan sonra isə aya 300-400 qram artırır. Uşaq böyüdükcə əvvəlki aylarla müqayisədə böyümə sürəti zəifləyir, qida ehtiyacı azalır və uşaq əvvəlki qədər yeməməyə başlayır. Gəzib, qaçıb, çox hərəkət etdiyi və boyu da uzandığı üçün “arıqlamağa” başlayır. Ana depressiya düşür, uşağın əvvəki yemək istəklərini özləməyə, onu əvvəlki qədər yedirməyə çalışarkən, uşağı bəzən yeməyə məcbur edir və onlar arasında qidalanma müharibəsi başlayır.
Uşaq çox vaxt yeməyi saatlarla ağzında saxlayır, ya udmur, ya ögüyür, qusur. Bu durum ana balanı sonda gətirib bizim kabinetə çıxarır. Ana, “yemir, nə verirəm ögüyür, qaytarır, arıqlayıb, görəsən bu uşağın hansısa problemimi var?” - deyə narahatdır. Əlbəttə ki, müayinəsi normal olan uşaqlarda görülən bu hallar çox zaman normal reaksiyalardır. Əslində lazım olan ananın bu durumu normal qəbul edib, psixoloji rahatlamasıdır. Bəzən isə bizim kiçik toxunuşlarımız da lazım gələ bilər ki, ona uyğun zəruri müdaxiləni də əlbəttə ki edirik.
Könül Oruc