Qastroenteroloq Anastasiya Andrianova bağırsaqlarda qazın artmasına səbəb ola bilən qidalar barədə danışıb.
E-saglam.az xəbər verir ki, mərcimək, noxud, soya, armud, ərik, şaftalı, alma, gül kələmi, Brüssel kələmi, soğan, qulançar və badımcan bəzi insanlarda qaz əmələ gəlməsini artıra bilər.
Həkim bildirib ki, şəkər əvəzediciləri olan məhsullar, o cümlədən bəzi konfetlər, şokoladlar və peçenyelər də köp və qaz şikayətlərinə səbəb ola bilər. Süd, kefir, qatıq və kəsmik kimi süd məhsulları isə xüsusilə laktoza həssaslığı olan insanlarda narahatlıq yarada bilər.
Qastroenteroloqun sözlərinə görə, qazlı içkilər də mədədə artıq hava toplanmasına səbəb olur. Spirtli içkilər isə bağırsaq mikroflorasına mənfi təsir göstərərək qaz yaradan bakteriyaların artmasına şərait yarada bilər.
Mütəxəssis əlavə edib ki, yağlı qidalar da həzmi ləngidir. Bu isə qidaların mədədə daha uzun qalmasına, köp və ağırlıq hissinin yaranmasına səbəb ola bilər.
Həkim qeyd edib ki, tez-tez köp və qaz problemi yaşayan şəxslər bu qidaların orqanizmlərinə təsirini müşahidə etməli və şikayətlər davam edərsə, mütəxəssisə müraciət etməlidirlər.
Tərcümə: Könül Oruc