Yeni araşdırma göstərir ki, kişilər ürək-damar xəstəlikləri riskinə qadınlardan təxminən yeddi il əvvəl, 35 yaşında daxil olurlar.
E-saglam.az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının jurnalında dərc olunan tədqiqat ürək xəstəliyinin illər ərzində yavaş-yavaş inkişaf etdiyini və riskin 30–40 yaşların əvvəllərindən formalaşmağa başladığını göstərir.
Şimal-Qərb Universitetindən Dr. Sadiya Xanın sözlərinə görə, xəstəlik bu yaşlarda diaqnoz qoyulmasa belə, təhlükənin təməli məhz bu dövrdə yaranır. 34 il ərzində 5000-dən çox insanı izləyən alimlər müəyyən ediblər ki, kişilərdə 50 yaşda ürək-damar xəstəliyi riski 5 faizdirsə, qadınlarda eyni göstərici 57 yaşda ortaya çıxır. Ürək xəstəliyinin daha ağır formalarında isə kişilər kritik həddə 48 yaşda çatır, qadınlar isə 58 yaşda.
Mütəxəssislər bildirirlər ki, bu fərq yalnız qan təzyiqi və ya xolesterol kimi ənənəvi səbəblərlə izah edilmir. Bioloji və sosial faktorların birlikdə rol oynadığı ehtimal edilir. Qadınlarda menopozdan sonra estrogenin qoruyucu təsiri azaldığı üçün risk sürətlə yüksəlir.
Həkimlər ürək xəstəliyi üçün risk qiymətləndirməsinə artıq 30 yaşdan başlamağı tövsiyə edirlər. Xüsusilə gənc kişilərin müntəzəm müayinədən yayınması riskin gec aşkar olunmasına səbəb olur.
Ürək sağlamlığını qorumaq üçün ildə ən azı bir dəfə qan təzyiqi, xolesterol və qan şəkərinin ölçülməsi, həmçinin sağlam qidalanma və müntəzəm fiziki fəaliyyət əsas addımlar hesab olunur.
Tərcümə: Könül Oruc