Ənənəvi Çin təbabətində əsrlərdir istifadə olunan düyün otunun saç tökülməsinə qarşı faydalı ola biləcəyi ilə bağlı yeni elmi məlumatlar açıqlanıb.
E-saglam.az xəbər verir ki, alimlər bitkinin kökündə olan bəzi aktiv maddələrin kişi tipli keçəlliyin inkişafını yavaşlada biləcəyini bildiriblər.
Kişi tipli keçəllik dünyada milyonlarla insanı təsir edən geniş yayılmış problemdir. Bu zaman saç follikulları tədricən kiçilir, saç telləri nazikləşir və zamanla bəzi nahiyələrdə saçın böyüməsi tamamilə dayanır.
"Journal of Holistic Integrative Pharmacy" jurnalında dərc olunan araşdırmaya əsasən, düyün otu kökündəki maddələr saç tökülməsində mühüm rol oynayan dihidrotestosteron (DHT) hormonunun təsirini azaltmağa kömək edə bilər. Tədqiqatçılar hesab edirlər ki, bu təsir saç follikullarının qorunmasına və saç tökülməsi prosesinin ləngiməsinə şərait yarada bilər.
Araşdırma zamanı həmçinin müəyyən olunub ki, bitki saç follikulu hüceyrələrinin vaxtından əvvəl məhv olmasının qarşısını almağa, baş dərisində qan dövranını yaxşılaşdırmağa və saç böyüməsini stimullaşdıran bioloji prosesləri aktivləşdirməyə kömək edə bilər.
Alimlərin fikrincə, bu mexanizmlər saç follikullarının yenidən aktiv böyümə mərhələsinə keçməsinə şərait yarada bilər.
Tədqiqat müəllifləri qeyd edirlər ki, əldə olunan nəticələr ümidverici olsa da, bu təsirin insanlarda dəqiq qiymətləndirilməsi üçün daha geniş klinik araşdırmalara ehtiyac var.
Mütəxəssislər vurğulayırlar ki, gələcək tədqiqatlar nəticələri təsdiqləyərsə, min ildən artıqdır istifadə olunan bu bitki saç tökülməsinə qarşı yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.
Tərcümə: Könül Oruc