Diyetoloq Viktoriya Kostrova isti havalarda bəzi meyvələrin orqanizmin su balansını qorumağa kömək etdiyini bildirib.
E-saglam.az xəbər verir ki, mütəxəssisin sözlərinə görə, susuzluğu azaltmaq təkcə meyvənin tərkibindəki su miqdarından deyil, həm də kalium, maqnezium və digər mineralların balansından asılıdır. Bu səbəbdən bəzi meyvələr təbii izotonik təsir göstərərək orqanizmin maye ehtiyacını daha yaxşı qarşılayır.
Diyetoloq qeyd edib ki, susuzluğu yatırmaq üçün ən yaxşı seçimlərdən biri qarpızdır. Tərkibinin təxminən 92 faizi sudan ibarət olan qarpız eyni zamanda kaliumla zəngindir.
Bundan əlavə, qreypfrut, yaşıl alma, qarağat və albalı da isti havalarda faydalı hesab olunur. Bu meyvələrin yüngül turş dadı tüpürcək ifrazını artırır, ağız quruluğunu azaldır və insanın özünü daha rahat hiss etməsinə kömək edir.
Mütəxəssis bəzi meyvələrin isə əksinə, susuzluq hissini artıra biləcəyini bildirib. Üzüm, yetişmiş banan, əncir, şirin albalı və quru meyvələrin tərkibində təbii şəkər çox olduğundan orqanizm onların həzmi üçün daha çox mayeyə ehtiyac duyur.
Diyetoloq həmçinin meyvə şirələrindən çox, meyvələrin özünün yeyilməsini tövsiyə edir. Onun sözlərinə görə, şirələrdə lif az olur və həddindən artıq qəbul edildikdə susuzluq hissini artıra bilər.
Tərcümə: Könül Oruc