Tibbi xəbərlər
İnfeksiyalar üçün hansı qan qrupu daha çox
Tibbi xəbərlər
167

İnfeksiyalar üçün hansı qan qrupu daha çox risk altındadır?

Araşdırmalar göstərir ki, qan qrupu təkcə bioloji göstərici deyil, eyni zamanda orqanizmin bəzi xəstəliklərə və infeksiyalara qarşı həssaslığı ilə də əlaqəlidir. Mütəxəssislər bildirirlər ki, “mükəmməl” qan qrupu yoxdur, hər qrupun həm üstünlükləri, həm də riskləri mövcuddur.

E-saglam.az xəbər verir ki, 2026-cı ilə aid tədqiqatlara əsasən, qan qruplarının əsas xüsusiyyətləri belədir:

A (II) qrupu

Bu qrupa sahib olanlar norovirusa qarşı daha davamlıdırlar və ağcaqanadlar tərəfindən daha az seçilirlər.

Lakin onlarda pis xolesterolun (LDL) səviyyəsi adətən daha yüksək olur, bu da infarkt riskini artıra bilər. Erkən yaşda insult, mədə və mədəaltı vəzi xərçəngi riski digər qruplarla müqayisədə bir qədər yüksəkdir. Stress hormonu olan kortizolun çox ifraz olunması səbəbilə stressə daha həssasdırlar.

B (III) qrupu

Bu qrup böyrək daşlarına qarşı ən az riskə malikdir. Malyariya və çiçək kimi bəzi patogenlərə qarşı təbii müdafiə mexanizmi var. Mədə xorasına səbəb olan bakteriyalar bu qrupda daha çətin inkişaf edir.

Ancaq 2-ci tip diabet və yüksək təzyiq riski daha yüksəkdir. Vərəm və vəba kimi bəzi infeksiyalara qarşı həssaslıq müşahidə olunur.

AB (IV) qrupu

Plazma donorluğu üçün universal donor olduqları üçün “maye qızıl” adlandırılırlar.

Lakin bu qrupda demensiya və yaddaş problemləri riski daha yüksəkdir. Neurology jurnalının məlumatına görə, yaddaş itkisi riski 82 faizədək arta bilər. Qan laxtalanması, ürək tutması və damar iltihabı riski də digər qruplara nisbətən daha çoxdur.

0 (I) qrupu

Ürək tutması, insult və ağciyər emboliyası riski ən aşağı olan qruplardan biridir. COVID-19-u daha yüngül keçirənlərin əksəriyyəti də bu qrupa daxildir.
Ancaq mədə xorası və əməliyyatlardan sonra qanaxma riski daha yüksəkdir. Qadınlarda yumurta ehtiyatının və keyfiyyətinin nisbətən aşağı ola biləcəyi, hamiləlik dövründə isə yüksək təzyiq riskinin arta biləcəyi müşahidə edilib.

Ümumilikdə mütəxəssislər vurğulayırlar ki, qan qrupu xəstəlik risklərinə təsir göstərə bilər, amma bu, taleyüklü hökm deyil. Sağlam qidalanma, fiziki aktivlik, stressin idarə olunması və mütəmadi tibbi müayinələr hər bir qan qrupu üçün əsas qoruyucu amillərdir.

Tərcümə: Könül Oruc

E-saglam.az


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun