İmmuniteti gücləndirən dərmanların sizə faydası yoxdur, dərman satanlara var -
İmmuniteti gücləndirən dərmanların sizə faydası yoxdur, dərman satanlara var -

Payız mövsümü başlayanda immuniteti gücləndirmək üçün D, C və sair kimi vitaminlərin qəbulu artmağa başlayır. İnsanların bəziləri bu vitaminləri immuniteti gücləndirmək məqsədilə, bəziləri də xəstəlikdən qorunmaq üçün istifadə etdiyini deyirlər.

Maraqlıdır, bu vitaminlər həqiqətən immuniteti gücləndirirmi? 

Mövzu ilə bağlı Almaniyanın "Helios Siegburg" klinikasının Ağciyər xəstəlikləri şöbəsinin aparıcı mütəxəssisi Elvin Hüseynov E-saglam.az-a müsahibə verib. Həmin müsahibəni təqdim edirik:

- İllərdir immunitetimizi gücləndirdiyimizi düşündüyümüz bu vitaminlərin heçmi xeyri yoxdur?

- Vitamin D və C-nin çatışmazlığı təsdiq olunmadığı halda, bu vitaminlərin immun sistemini möhkəmləndirməsi yanlış məlumatdır və elmi əsası yoxdur. Əgər hər hansı vitaminin qanda miqdarının aşağı olması, laborator analizlər vasitəsilə təsdiqlənərsə, o zaman, təbii ki, qəbul etmək lazımdır. 

- Bəs zərəri necə, var? 

- Kiçik dozalarda bu vitaminlərin zərəri demək olar ki, yoxdur. Amma məsələ burasındadır ki, xeyiri də yoxdur və sizə sadəcə maddi ziyan vurur.

Gün ərzində vitamin D-nin 4000 İU-dan artıq qəbulu ürəkbulanma, qusma, qəbzlik, ümumi zəiflik, böyrək daşları və böyrəklərə zərər, aritmiya və s. yarada bilər.

Vitamin C-nin gün ərzində 2000 mg-dan artıq miqdarı sinədə yanma, köp, yorğunluq yaxud yuxululuq, baş ağrıları və s. səbəb ola bilər.

Ölkəmizdə əsasən payız aylarında vitamin qəbulu artır. Buna ehtiyac varmı? 

- Payız ayında vitamin D qəbulunun Azərbaycanda profilaktik olaraq qəbul edilməsinə ehtiyac yoxdur. Çünki vitamin D əsasən dəridə günəş şüalarının təsiri ilə yaranır. Azərbaycan günəşli olduğuna görə, yay mövsümündə açıq havada müəyyən aktivliyi olan insanlarda, vitamin D çatışmazlığı ehtimalı azdır. 

- Tərkibində bir neçə vitamin birlikdə olan immunitet gücləndiricilər də ölkəmizdə geniş yayılıb və insanlar "bəh-bəhlə" alıb qəbul edirlər. Bu barədə nə düşünürsünüz?

- Bu sadəcə dərmanı istehsal edən və satanların maddi maraqlarına xidmət edir. Qəbul edən insanlara heç bir faydası yoxdur. Təbii ki, bəzi kəslərə bəlkə plasebo kimi pozitiv təsir edə bilər. Amma bunu bütün əhaliyə aid etmək düzgün deyil.

- İmmunitet gücləndirici içdikdən sonra immunitetinin gücləndiyini, hətta daha az xəstələndiyini deyənlər də var. Burda psixoloji faktor rol oynayırmı?

- Burda demək olar ki, bütün hallarda söhbət plasebo effektindən gedir. Ümumiyyətlə, immuniteti gücləndirmək anlayışı yanlışdır. Belə bir şey yoxdur. Dərman vasitələri ilə immuniteti gücləndirmək mümkün deyil! 

Təbii ki, hər hansı şəkərli diabet yaxud arterial hipertoniya xəstəsinin dərmanla şəkərin, yaxud təzyiqini normada saxlamaq, müəyyən qədər bu insanların immunitetinin adekvat qalmasına xidmət edə bilər. Amma bu tamam başqa situasiyadır.

- Azərbaycanda məşhur firmalar var ki, həm satdıqları dərmanların qiymətləri baha olur, həm də bu dərmanların satışı apteklərdə deyil, firmaları tərəfindən onlayn formada həyata keçirilir. Ümumiyətlə apteklərdə satışı olmayan "immunitet gücləndiriciləri" almaq nə dərəcədə doğrudur? 

- İnsanlar hər hansı bir dərmanı, yaxud preparatları almadan öncə, öz güvəndikləri həkimlərlə məsləhətləşə bilərlər. Yaxud da ciddi mənbələrdən həmin preparatların təsirinin elmi əsasları olub-olmamasına baxa bilərlər. Əsas məsləhətim rusdilli mənbələrdən istifadə etməsinlər, çünki bu mənbələrdə yanlış məlumat həddindən artıq çoxdur. 

- İmmun sistemini gücləndirməklə bağlı xalq təbabəti hansı rola malikdir?

- Xalq təbabətində olan məsləhətlərin bəziləri, yüzillərlə mövcuddur və məntiqlidir. Təbii ki, bütün xalq təbabətində olan məsləhətlər, düzgün deyil. Xalq təbabətində də bəzi absurd məsləhətlər mövcuddur. Burada konkret olaraq məsləhətə baxmaq lazımdır.

Könül Oruc

E-saglam.az