Kardiologiya mütəxəssisi dosent Əli Doğan Ramazan ayında iftarda edilən ən yayılmış səhvin - uzun müddət aclıqdan sonra çox sürətli və həddindən artıq yeməyin, ürək sağlamlığı üçün risk yaratdığını bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, yağlı yeməklərin birdən qəbul edilməsi ürək döyüntüsünü artırır, qan təzyiqini yüksəldir və ürəyə düşən yükü ağırlaşdırır. Şəkərli içkilər isə qan şəkərinin kəskin yüksəlməsinə səbəb olaraq ürək çırpıntısı yarada bilər.
Doğan ürək xəstələrinin Ramazan ayında dərman qəbulunu xüsusilə diqqətlə idarə etməli olduğunu, diuretik istifadə edənlərdə maye itkisi riskinin artdığını vurğulayıb. Sinə ağrısı, nəfəs darlığı, güclü ürək döyüntüsü və başgicəllənmə hallarında orucun dayandırılması tövsiyə edilir.
Həkim bildirib ki, iftar və sahur arasında su qəbulu bərabər paylanmalı, qızardılmış və ağır xəmir yeməkləri əvəzinə yüngül, duzsuz və balanslı menyuya üstünlük verilməlidir. Uzun müddət susuzluq qan laxtalanması riskini artırdığından, xüsusilə qan durulaşdırıcı dərman qəbul edənlər həkimlə məsləhətləşməlidir.
Doğan həmçinin son aylarda infarkt keçirənlərə, stent və bypass əməliyyatı olmuş şəxslərə, ağır ürək çatışmazlığı və nəzarətsiz aritmiyası olanlara oruc tutmağın tövsiyə olunmadığını xatırladıb.
Tərcümə: Könül Oruc