Milli Məclis elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılması ilə əlaqədar cərimələri üçüncü oxunuşda qəbul edib.
E-saglam.az xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Sənədə əsasən, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
Bundan əlavə, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 000 manatdan 5 000 manatadək məbləğdə cərimə ediləcəklər.
Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq son oxunuşda qəbul edilib, qanun aprelin 1-dən qüvvəyə minəcək.