Onkoloq Vladimir İvaşkov səhərlər bel və boyun ağrısı, eləcə də üz şişkinliyi olmadan oyanmaq üçün düzgün yuxu vərdişlərinin vacib olduğunu bildirib.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, ən uyğun yuxu mövqeyi yan üstə, dizlər bir qədər bükülü vəziyyətdə yatmaqdır.
Həkim izah edib ki, bu vəziyyət onurğaya düşən yükü azaldır və üzün yastığa təzyiqini minimuma endirir. Bu isə həm səhər şişkinliyinin, həm də boyun ağrılarının qarşısını almağa kömək edir. Əksinə, üzüaşağı (qarın üstə) yatmaq ən zərərli mövqelərdən biri hesab olunur və bel ağrısı riskini artırır.
Mütəxəssis yastıq və döşək seçiminin də böyük rol oynadığını vurğulayıb. Onun sözlərinə görə, yastıq başı əymədən qulaqla çiyin arasındakı boşluğu doldurmalıdır. Orta sərtlikdə döşək isə bel ağrılarının azalmasına kömək edə bilər.
İvaşkov əlavə edib ki, düzgün yuxu gigiyenası da vacibdir. Hər gün eyni saatda yatıb oyanmaq, yatmazdan əvvəl duzlu qidalardan uzaq durmaq və keyfiyyətli istirahət rejimi yaratmaq səhərlər daha rahat oyanmağa şərait yaradır.
Tərcümə: Könül Oruc