Həkim dərman qəbul etmədən yuxunu yaxşılaşdırmağın yollarını açıqladı.
E-saglam.az xəbər verir ki, somnoloq Maksim Novikov yuxusuzluqdan əziyyət çəkən insanlara ilk olaraq gündüz yuxusundan çəkinməyi məsləhət görüb. O bildirib ki, günortaya doğru yatmaq gecə yuxuya getməyi çətinləşdirir və bioritmləri pozur.
Mütəxəssis daha yaxşı yuxu üçün yataq otağında sakit və rahat mühitin vacibliyini vurğulayıb. Axşamlar otağı havalandırmaq, qaranlıq mühit yaratmaq və səs-küyü minimuma endirmək sağlam yuxuya kömək edir. Yatmazdan əvvəl elektron cihazlardan uzaq durmaq da vacibdir, çünki ekran işığı melatonin istehsalını azaldır.
Novikovun sözlərinə görə, yuxunu yaxşılaşdıran əsas amillər həyat tərzi dəyişiklikləridir. O, hər gün eyni saatda yatıb-oyanmağı, balanslı qidalanmağı, yoqa, meditasiya və nəfəs məşqləri ilə məşğul olmağı tövsiyə edib. İdmanı isə yatmazdan əvvəl deyil, günün əvvəlində etmək daha faydalıdır.
Axşam saatlarında qəhvə və çayı bitki dəmləmələri ilə əvəz etmək məsləhət görülür. Çobanyastığı, valerian, limon otu və nanə dəmləmələri sinir sistemini sakitləşdirərək daha tez yuxuya getməyə və dərin yuxunu qorumağa kömək edir.
Tərcümə: Könül Oruc