"SberZdorovye" tibb şirkətinin terapevti Karina Vagina qəfil artan tərləmənin, hiperhidrozun bəzi ciddi xəstəliklərin əlaməti ola biləcəyini bildirib.
E-saglam.az xəbər verir ki, həkimin sözlərinə görə, həddindən artıq tərləmə bəzi endokrin xəstəliklərlə əlaqəli ola bilər. Məsələn, hipertiroidizm və diabet kimi problemlər bu simptomla özünü göstərə bilər.
Mütəxəssis əlavə edib ki, hiperhidroz bəzi yoluxucu xəstəliklərdə də müşahidə oluna bilər. Bunlara vərəm və bəzi onkoloji xəstəliklər də daxildir.
Vagina qeyd edib ki, həddindən artıq tərləmə bəzən istifadə olunan dərmanlarla da bağlı olur. Xüsusilə bəzi antidepresanlar və qızdırmasalıcı preparatlar bu vəziyyətə səbəb ola bilər. Qadınlarda isə belə problem menopauza dövründə daha çox müşahidə olunur.
Həkim vurğulayıb ki, tərləmənin qəfil və səbəbsiz artması müşahidə olunarsa, səbəbi müəyyən etmək və uyğun müalicə almaq üçün mütəxəssisə müraciət etmək lazımdır.
Tərcümə: Könül Oruc