42 yaşlı bir qadın hamiləlik testində iki xətt gördükdən sonra hamilə olduğunu düşünərək böyük sevinclə həkimə müraciət edib. Lakin aparılan müayinələr nəticəsində məlum olub ki, testin müsbət çıxmasının səbəbi hamiləlik deyil, ciddi xəstəlikdir.
E-saglam.az xəbər verir ki, ginekoloq Tatyana İlyuxina bildirib ki, qadın qəbul zamanı uzun müddət çalışdıqdan sonra nəhayət hamilə qaldığını düşündüyünü deyib. Pasiyent ümumilikdə özünü yaxşı hiss etdiyini, lakin bəzən sağ qarın nahiyəsində zəif ağrı və narahatlıq hiss etdiyini qeyd edib. O həmçinin pəhriz saxlamadan iki ay ərzində təxminən üç kiloqram arıqladığını bildirib.
Ultrasəs müayinəsi zamanı isə həkim hamiləliyə dair heç bir əlamət aşkar etməyib. Bundan sonra mütəxəssis xatırladıb ki, hamiləlik testlərində aşkar olunan insan xorionik qonadotropini (hCG) bəzi hallarda bədxassəli şişlər zamanı da yüksələ bilər.
Aparılan əlavə müayinələrdən sonra qadına "Hepatocellular carcinoma" diaqnozu qoyulub. Bu xəstəlik qaraciyərin bədxassəli şişidir.
Həkim bildirib ki, bu hadisə onun yaddaşında xüsusi yer tutub. O, həmkarlarına da mütəmadi olaraq xatırladır ki, hamiləlik testi müsbət çıxdığı halda ultrasəsdə hamiləlik əlaməti görünmürsə, vəziyyət daha diqqətlə araşdırılmalıdır.
Tərcümə: Könül Oruc