Gənc yaşlarda siqaret çəkmək beyindəki
Gənc yaşlarda siqaret çəkmək beyindəki

Məlum olub ki, yeniyetməlik dövründə siqaret çəkməyə başlayan gənclərin beynindəki boz maddə azalıb.

E-saglam.az xarici mediaya əsasən məlumat verir ki, Böyük Britaniya, İrlandiya, Fransa və Almaniyada yüzlərlə gənc üzərində araşdırma aparan elm adamları siqaret çəkənlərin beyninin həzz axtarışı, özünü idarə etmə və risk alma kimi davranışlarda mərkəzi rol oynayan iki bölgəsində daha az boz maddə tapıblar.

Araşdırmada 14, 19 və 23 yaşlı 800-dən çox insanın beyni görüntülənib. Yaşlarına görə qruplara bölünən gənclərin beyin görüntüləri bir-biri ilə müqayisə edilib.

İştirakçılar arasında həm sol, həm də sağ ventromedial prefrontal korteks (vmPFC) siqaret çəkənlərdə daha kiçik görünüb.

Tədqiqat qrupu, 14 yaşlı iştirakçıların sol vmPFC-də siqaret çəkməyənlərə nisbətən daha az boz maddə olduğunu aşkar edib. Bu, əslində, sol tərəfdəki boz maddənin itirilməsinin siqaret çəkməyə başlamazdan əvvəl baş verdiyini göstərir. Yəni bu vəziyyət nikotin asılılığının gənclərə ailələrindən keçdiyi fikrini doğurur.

Digər tərəfdən, iştirakçıların sağ vmPFC-də boz maddənin azalmasının yalnız siqaret çəkməyə başladıqdan sonra meydana gəldiyi anlaşılıb. Bu, siqaretin beynin bu hissəsində funksiya itkisinə səbəb olduğunu göstərir.

Çünki başlanğıcda siqaret çəkənlər və çəkməyənlər sağ vmPFC-də oxşar boz maddə həcmlərinə malik idilər. Lakin sonradan siqaret çəkənlərdə boz maddənin sürətlə kiçilməsi müşahidə olunub.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az