Fobialar insan həyatına geniş təsir göstərə bilən psixoloji pozuntulardır. Bu qorxular qeyri-müəyyən, məntiqsiz olan, amma çox vaxt narahatlıq və stressə səbəb olan vəziyyətlərə qarşı intensiv, davamlı bir qorxu hissi ilə xarakterizə olunur. Fobiyalar şəxsin gündəlik fəaliyyətlərinə müdaxilə edə bilər, həmçinin sosial münasibətlərini və şəxsi həyatını da əngəlləyə bilər.
Müxtəlif növ fobiyalar mövcuddur; bunlar arasında müəyyən obyektlərə, vəziyyətlərə və ya canlılara qarşı olan qorxular yer alır. Fobiyalar adətən müəyyən bir hadisə və ya travma ilə bağlı olur, amma onların əsas səbəbləri və təsirləri fərdi olaraq dəyişə bilər. Bəs fobialar müalicə olunurmu?
Mövzu ilə bağlı psixoloq Gülnar Orucova BAKU.WS-ə açıqlama verib. O bildirib ki, fobialar müalicə olunur:
“Ümumilikdə, hər birimizin qorxuları var, amma bəzi qorxular xüsusilə güclü və davamlı olur. Məsələn, bəzi insanlar arılardan, ilanlardan və ya digər obyektlərdən, vəziyyətlərdən böyük narahatlıq keçirirlər. Bu cür qorxular insanın gündəlik həyatına ciddi təsir göstərə bilər. Belə qorxulara reaksiya olaraq qışqırmaq, təlaş keçirmək və ya hətta fiziki simptomlar yaşamaq, çox vaxt bu qorxuların nə qədər dərində yerləşdiyini göstərir.
Bu qorxular, adətən, psixoloji fobiyalar olaraq tanınır və mütləq şəkildə müalicə olunmalıdır. Fobiyalar bir çox fərqli səbəbdən yarana bilər və çox vaxt uşaqlıq dövründə formalaşan psixoloji travmalardan qaynaqlanır. Məsələn, bir uşaq bir dəfə arı tərəfindən sancıldıqda, bu hadisə onun arılardan qorxmasını gətirib çıxara bilər və bu qorxu illər ərzində davam edə bilər. Belə hallarda, qorxunun əsas səbəbini anlamaq və müvafiq müalicə üsulları ilə bu problemin öhdəsindən gəlmək əhəmiyyətlidir.
Fobiyaların müalicəsi psixoterapiya, kognitiv davranış terapiyası və digər psixoloji yanaşmalar vasitəsilə mümkündür. Bu müalicə üsulları, insanların qorxularını anlamalarına və onlarla baş etməyə kömək edir. Fobiyaların müalicəsi təkcə şəxsin həyat keyfiyyətini artırmaqla qalmır, həm də ümumi psixoloji rifahı və sağlamlığına müsbət təsir edir”.