Uzun bayramlardan sonra bir çox insan çəki artımı, ağırlaşmış iştaha və rejim pozuntusu ilə üzləşir.
E-saglam.az xəbər verir ki, endokrinoloq Lidiya Bindyukova bədəni yormadan sağlam həyat tərzinə qayıtmağın ən düzgün yollarını izah edib.
Mütəxəssisin sözlərinə görə, tətillərdə çox qida qəbulu orqanizmi artıq kalori ilə yükləyir və maddələr mübadiləsini “saxlama rejiminə” keçirir. Daimi karbohidrat qəlyanaltıları isə insulin səviyyəsini artırır, yağların enerji kimi istifadəsini bloklayır və aclıq–toxluq hormonlarının balansını pozur.
Həkim sərt pəhriz və ağır idmanla başlamağı yanlış hesab edir. Onun tövsiyə etdiyi doğru yanaşma yumşaq və tədricən keçiddir:
Adi həyat ritmini bərpa edin – nizamlı yeməklərə qayıdın, səhər yeməyini buraxmayın və gündə kifayət qədər su için.
Pəhrizi tənzimləyin – zülal, lif və sağlam yağları əsas götürün, şirniyyatı minimuma endirin ki, “karbohidrat yellənməsi” yaranmasın.
Yüngül hərəkətlə başlayın – gəzinti, xizək və ya konki kimi yorucu olmayan, amma müntəzəm fəaliyyət seçin.
Qəti qadağalardan uzaq durun – sərt qadağalar adətən pozuntulara səbəb olur. Daha real yanaşma həftədə 1–2 “planlı kənarlaşma”ya icazə verməkdir.
Bindyukova vurğulayıb ki, sərt pəhrizlər, detoks proqramları və aralıqlı oruclar sürətli, amma davamlı olmayan nəticələr verir və metabolizmanı yavaşladır. Onun sözlərinə görə, yeganə faydalı “detoks” spirtli içkilərdən imtina etməkdir.
Mütəxəssis bildirir ki, bir ay ərzində şişkinliyi azaltmaq və bədən yağını 1–2 kq səviyyəsində azaltmaq tam realdır. Bunun üçün duzu, şəkəri və alkoqolu azaltmaq, maye kalorilərdən imtina etmək, lif və zülalı artırmaq, 7–8 saat yatmaq və həftədə 2–3 dəfə yüngül idman kifayətdir. Onun fikrincə, bir aya 10 kq arıqlamağa cəhd etmək təhlükəlidir və adətən tez bir zamanda çəkinin geri qayıtması ilə nəticələnir.
Tərcümə: Könül Oruc