Ləzzəti və faydaları ilə əsrlərdir tanınan qozun çox zaman diqqətdən kənarda qalan hissəsi – qabığı – əslində sağlamlıq baxımından qiymətli bir mənbədir.
E-saglam.az xəbər verir ki, tərkibindəki sağlam yağlarla yanaşı, vitamin və antioksidant baxımından zəngin olan qoz qabıqları, mütəxəssislərin fikrincə, bir çox xəstəlikdən qorunmağa kömək edə bilər.
Kənd yerlərində qoz qabıqları adətən sobalarda yanacaq kimi istifadə edilsə də, onların sağlamlığa təsiri düşündüyünüzdən qat-qat artıqdır.
Niyə qoz qabığı bu qədər faydalıdır?
Qoz qabığı, xüsusilə B qrupu vitaminləri və güclü antioksidantlar baxımından zəngindir. Bu maddələr immun sistemini gücləndirir, dərinin vaxtından əvvəl qocalmasının qarşısını alır və bədəni xəstəliklərdən qorumağa kömək edir.
Soyuqdəyməyə və həzm sisteminə yaxşı təsir göstərir
Qozun qurudulmuş xarici qabıqlarını dəmləyib içmək, xüsusilə qış aylarında öskürək və soyuqdəymə üçün təbii vasitə kimi istifadə olunur. Eyni zamanda bu çay bağırsaqları təmizləyir, qurd və parazitlərin atılmasına kömək edir və mədəyə sakitləşdirici təsir göstərir.
Arıqlamağa da dəstək olur
Qoz qabığı çayı bədəndə yığılan ödemin atılmasına kömək edir, maddələr mübadiləsini sürətləndirir və arıqlama prosesini dəstəkləyir. İstifadəsi isə olduqca sadədir.
Hazırlanma qaydası:
– 200 ml (1 stəkan) içməli suyu qaynadın
– Qozun içindən çıxan nazik qabıqlardan 1 çimdik əlavə edin
– 2-3 dəqiqə qaynadın
– Rəngi dəyişdikdə ocaqdan götürün və 5 dəqiqə dəmləyin
– İstəyə görə, bir dilim limon əlavə edib içə bilərsiniz
Vacib qeyd: Hər hansı xroniki xəstəliyiniz və ya dərman istifadəniz varsa, bu və digər təbii vasitələri istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməyiniz tövsiyə olunur.
Tərcümə: Könül Oruc