Qidalanma
Ən çox hansı qidalar allergiyaya
Qidalanma
13

Ən çox hansı qidalar allergiyaya səbəb olur?

Qida allergiyası immun sisteminin bəzi qida zülallarına həddindən artıq reaksiya verməsi nəticəsində yaranır. Mütəxəssislərin sözlərinə görə, bu problem həm uşaqlarda, həm də böyüklərdə müşahidə oluna bilər və bəzi hallarda həyati təhlükəli reaksiyalara səbəb ola bilər.

Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk bildirib ki, qida allergiyalarında əsas səbəb adətən qidaların tərkibində olan zülallardır. Xüsusilə fıstıq allergiyası ən təhlükəli allergiya növlərindən biri hesab olunur və ağır hallarda anafilaktik şoka səbəb ola bilər.

Ən çox allergiya yaradan qidalar

Mütəxəssisin sözlərinə görə, nəzəri olaraq istənilən qida allergiyaya səbəb ola bilər. Lakin bəzi məhsullar daha yüksək risk daşıyır. Ən çox allergiya yaradan qidalar bunlardır:

- İnək südü

- Yumurta

- Balıq və dəniz məhsulları

- Fıstıq və qoz-fındıq

- Pomidor

- Çiyələk

- Şokolad

- Bal

- Ketçup və mayonez

- Marqarin

Bundan əlavə, taxıl məhsullarında olan qlüten zülalı da bəzi insanlarda ciddi allergik reaksiyalara səbəb ola bilər.

Qida allergiyasının əlamətləri

Qida allergiyası müxtəlif orqanlarda fərqli simptomlarla özünü göstərə bilər. Ən çox rast gəlinən əlamətlər bunlardır:

- Dəridə qaşınma, səpkilər və ekzema

- Burun axması və asqırma

- Gözlərdə sulanma və qızartı

- Ürəkbulanma, qusma və ishal

- Mədə yanması və reflüks

- Quru öskürək və nəfəs darlığı

Mütəxəssislər bildirirlər ki, reaksiyalar adətən qida qəbulundan sonrakı ilk iki saat ərzində meydana çıxır.

Allergiyanın diaqnozu və müalicəsi

Qida allergiyasının diaqnozu üçün allergik dəri testləri və qanda xüsusi anticisimlərin yoxlanılması tətbiq olunur. Həkimlər qeyd edirlər ki, qida allergiyasının tam müalicəsi yoxdur və əsas yol allergiya yaradan qidalardan uzaq durmaqdır.

Mütəxəssislər qidalanma gündəliyi aparmağı da tövsiyə edirlər. Bu üsul hansı qidanın allergik reaksiyaya səbəb olduğunu müəyyənləşdirməyə kömək edə bilər.

Qida əlavələri də risk yarada bilər

Mütəxəssislərin sözlərinə görə, bəzi qida əlavələri də allergik reaksiyalara səbəb ola bilər. Xüsusilə monosodium qlutamat, sulfit və benzoik turşu kimi maddələr riskli hesab olunur.

Həkimlər hazır və emal olunmuş qidaların etiketlərini diqqətlə oxumağı, mümkün qədər təbii və təzə məhsullara üstünlük verməyi məsləhət görürlər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun