Terapevt Oksana Drapkina bildirib ki, pəhrizinizdə duzun miqdarının azaldılması hipertoniya, infarkt və insultların qarşısının alınmasında mühüm addım ola bilər.
E-saglam.az xəbər verir ki, o, KP.RU ilə söhbətində faydalı alternativləri açıqlayıb.
Drapkinanın sözlərinə görə, duz yerinə limon suyu, qurudulmuş və ya sürtgəcdən keçirilmiş zəncəfil, göyərti, qurudulmuş soğan və sarımsaqdan istifadə etmək olar. O qeyd edib ki, zaman keçdikcə dad qönçələri daha az duza uyğunlaşacaq.
Terapevt əlavə edib ki, duzun böyük hissəsi evdə hazırlanan yeməklərdən deyil, hazır məhsullardan: kolbasa, çips, konservləşdirilmiş tərəvəz və souslardan gəlir.
"Duzun yalnız 20 faizi yemək bişirərkən və ya süfrədə əlavə olunur. Qalanı isə işlənmiş qidalarda və heyvan mənşəli məhsullarda gizlənir", - Drapkina izah edib.
Diyetinizdə duzun miqdarını azaltmaq üçün o, insanları etiketlərə diqqət yetirməyə və "duz yoxdur" və ya "aşağı natrium" etiketli məhsulları seçməyə çağırdı. Terapevt həmçinin duzun miqdarına nəzarət etmək üçün hazır yeməklər almaqdansa, öz yeməyinizi bişirməyi tövsiyə etdi.
Tərcümə: Könül Oruc