Qış aylarında dodaq dərisi şaxta, külək və quru hava səbəbindən daha həssas olur. Bu dövrdə düzgün seçilməyən dodaq balzamları yalnız faydasız qalmaqla kifayətlənmir, eyni zamanda dodaq dərisinə zərər də verə bilər.
E-saglam.az-ın məlumatına görə, ROSBIOTECH Universitetinin Biotexnologiya kafedrasının müdiri vəzifəsini icra edən, mühəndislik üzrə fəlsəfə doktoru Yekaterina Volnova bu barədə Life.ru-ya açıqlama verib.
Onun sözlərinə görə, dodaq baxımının əsas məqsədi qoruyucu baryer yaratmaq və zədələnmiş dərini bərpa etməkdir. Lakin mentol və kamfora kimi “təravətləndirici” maddələr tez-tez istifadə edildikdə dodaqlarda quruluğu daha da artıra bilər. Hətta təbii ətirlər belə həssas dəriyə malik insanlarda qıcıqlanma yarada bilər.
Volnova qeyd edib ki, tərkib hissələrini yalnız “yaxşı” və ya “pis” kimi qiymətləndirmək düzgün deyil. Balzamın təhlükəsizliyi və effektivliyi onun ümumi formulundan, xammalın keyfiyyətindən və insanın fərdi ehtiyaclarına uyğunluğundan asılıdır.
Mütəxəssis gündəlik qorunma üçün arı mumu, karnauba mumu, eləcə də jojoba, badam və kastor yağları ilə zəngin məhsulları tövsiyə edir. Bu maddələr dodaqlarda qoruyucu qat yaradır və nəmi saxlayır.
Artıq çatlamış və zədələnmiş dodaqlar üçün isə pantenol və allantoin kimi sağaldıcı maddələr, keramidlər kimi bərpaedici komponentlər və qoruyucu təsiri gücləndirən niasinamid xüsusi əhəmiyyət daşıyır.
Bundan əlavə, Volnova vurğulayıb ki, ilin istənilən fəslində UB şüalarından qorunmaq vacibdir. Xüsusilə qışda açıq havada aktiv olanlar üçün SPF 15–30 qoruma səviyyəsinə malik dodaq balzamları seçmək tövsiyə olunur.
Tərcümə: Könül Oruc