İngiltərənin Oksford Universiteti və Finlandiyanın Tampere Universiteti alimləri tərəfindən aparılan yeni araşdırma ağız və diş sağlamlığının ürək tutmalarına təsirini ortaya çıxarıb.
E-saglam.az xəbər verir ki, tədqiqat koronar arteriyalarda toplanan yağ lövhələrinin dərinliklərində ağız florasına aid bakterial koloniyaların mövcudluğunu aşkarlayıb.
Araşdırma zamanı damar toxumalarında xüsusilə viridans streptokokları kimi ağız bakteriyalarının yaratdığı biofilm təbəqələri aşkar edilib. Bu biofilmlər bakteriyaları immun sistemindən və antibiotiklərdən qoruyaraq onların damar divarlarında uzun müddət gizli şəkildə qalmasına imkan verir.
Mütəxəssislər bildirirlər ki, qrip və ya COVID-19 kimi virus infeksiyaları zamanı bədənin güclü immun reaksiyası bu bakteriyaları aktivləşdirə bilər. Aktivləşən mikrobların yaratdığı iltihab damar lövhəsini zəiflədir, onun yırtılmasına və ölümcül laxtaların yaranmasına səbəb olur. Bu mexanizm infeksiyalardan sonra ürək tutmalarının artmasının bioloji izahı kimi təqdim olunur.
2025-ci ildə Amerika Ürək Assosiasiyası jurnalında dərc olunan nəticələr göstərir ki, xolesterol lövhə əmələ gəlməsinin əsas amili olaraq qalsa da, bakterial yük bu lövhələri qeyri-sabitləşdirən kritik tetikleyicidir.
Alimlərə görə bu kəşf ürək-damar təbabətində yeni mərhələ yaradır. Gələcəkdə ağız sağlamlığı və infeksion müayinələrin ürək tutması riskinin qiymətləndirilməsində standart protokola çevrilməsi, həmçinin lövhə daxilindəki bakteriyaları hədəf alan yeni müalicə və peyvəndlərin hazırlanması gözlənilir.
Tərcümə: Könül Oruc