Tibbi xəbərlər
Diş əti qanayırsa, ürək də
Tibbi xəbərlər
70

Diş əti qanayırsa, ürək də ağlaya bilər

Gingivit (diş əti iltihabı)yalnız ağızla məhdudlaşmır, qan dövranına qarışaraq damar divarlarına yerləşir və ürək-damar sistemini səssiz şəkildə zədələyir.

E-saglam.az-ın məlumatına görə, periodontit — yəni inkişaf etmiş diş əti xəstəliyi — infarkt və insult riskini 20%-ə qədər artıran xroniki iltihablı bir vəziyyətdir. Ağız sağlamlığı pisləşdikcə, qan damarları da təhlükəyə düşür.

Ürək ağızdan zərbə alırmı?

Bəli. Əvvəllər diş əti iltihabı sadəcə diş itkisi ilə əlaqələndirilirdi. Lakin bu yanaşma artıq köhnəlib. Müasir tibbdə ağız sağlamlığı bədənin ümumi sağlamlığının ayrılmaz hissəsi sayılır. İltihab yalnız ağızda qalmır – bütün orqanizmi təsir altına alır.

Diş əti xəstəliyi necə başlayır?

Əsas səbəb ağız gigiyenasının pozulmasıdır. Dişlər düzgün fırçalanmadıqda lövhə (plak) əmələ gəlir. Bu bakterial kütlə diş əti xəttində yığılır, əvvəlcə gingivit (yüngül qanama, qızartı) yaradır, zamanla periodontitə çevrilir.

Bu mərhələdə artıq təkcə diş əti deyil, diş kökü, sümük və dəstəkləyici toxumalar da zədələnir. Və bu iltihab qan dövranına daxil olub sistemli təsir göstərməyə başlayır.

Araşdırmalar nə göstərir?

  • Harvard Universitetinin 25 illik tədqiqatı göstərib ki, müntəzəm diş həkimi ziyarətləri edənlərin infarkt riski 23% aşağıdır.

  • Diş əti xəstəliyi olanlarda koronar arteriya xəstəliyi 24% daha çox rast gəlinir.

  • Avropa Kardiologiya Cəmiyyəti (ESC) 2022-ci il tövsiyələrində ağız sağlamlığının ürək-damar risk hesabatına daxil edilməsini tövsiyə edir.

Ürəyinizi qorumaq üçün ağız sağlamlığınız necə olmalıdır?

  1. Dişlərinizi gündə iki dəfə, ən az 2 dəqiqə fırçalayın.

  2. Diş ipi və ya arası fırça istifadə edin.

  3. Hər 6 aydan bir diş həkiminə gedin.

  4. Diş əti qanamasını “müvəqqəti” saymayın — bu, xəbərdarlıqdır.

  5. Şəkərli və turşulu qidaları azaldın.

  6. Ağız quruluğunuz varsa, tüpürcək artırıcı qarqaralardan istifadə edin.

Kimlər daha çox risk altındadır?

  • Gündə bir dəfədən az diş fırçalayanlar

  • Uzun müddət diş təmizliyi etdirməyənlər

  • Diş əti çəkilməsi və daimi qanaması olanlar

  • Siqaret istifadəçiləri

  • 2-ci tip diabet xəstələri

  • Xroniki stress yaşayanlar

  • Ailəsində ürək-damar xəstəliyi olanlar

Diş əti xəstəliyi və infarkt arasında necə əlaqə var?

  • Periodontit olan şəxslərdə CRP səviyyəsi 2 dəfə yüksək olur.

  • Ürək tutmasından ölənlərin 40%-də diş əti xəstəliyi mövcud idi.

  • Diş daşı təmizliyi etdirənlərdə insult riski 14% azalır.

İltihab qan dövranına keçəndə nə baş verir?

Ağız bakteriyaları, xüsusilə Porphyromonas gingivalis və Fusobacterium nucleatum, qan damarlarına daxil ola bilir. Bu mikroblar immun sistemi stimullaşdıraraq CRPIL-6 kimi maddələrin ifrazına səbəb olur. Nəticədə damarların divarları qıcıqlanır və ateroskleroz başlayır — yəni damarlar tıxanmağa başlayır.

Risk necə yayılır?

Bu bakteriyalar damar divarlarında yığıldıqda, immun hüceyrələri "təmizləməyə" çalışır. Amma bu proses nəticəsində damar divarlarında yağ yığıntıları və kalsium çöküntüləri əmələ gəlir. Bu, arteriyaların tıxanmasına səbəb olur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun