Tibbi xəbərlər
D vitamini niyə aşağı olur? –
Tibbi xəbərlər
10

D vitamini niyə aşağı olur? – Mütəxəssis əsas səbəbləri açıqladı

D vitamini çatışmazlığı dünyanın bir çox ölkəsində olduğu kimi, Azərbaycanda da geniş yayılmış problemlərdən biridir.

E-saglam.az xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bu vitamin təkcə sümük sağlamlığı üçün deyil, həm də immun sistemi, əzələ funksiyaları və maddələr mübadiləsinin normal fəaliyyəti üçün mühüm əhəmiyyət daşıyır.

Endokrinologiya və maddələr mübadiləsi xəstəlikləri üzrə mütəxəssis Prof. Dr. İdris Kuzu bildirib ki, D vitamini yağda həll olan vitamin olmaqla yanaşı, orqanizmdə hormon kimi də fəaliyyət göstərir. Onun əsas mənbəyi günəş şüalarıdır. D vitamini dərinin günəşdən gələn UVB şüaları ilə təması nəticəsində sintez olunur. Bundan əlavə, bəzi qidalar və həkim tövsiyəsi ilə qəbul edilən əlavələr də bu vitaminin mənbəyidir.

D vitamini çatışmazlığı hansı problemlərə səbəb olur?

Mütəxəssisin sözlərinə görə, D vitamini çatışmazlığı yalnız sümük sağlamlığına təsir etmir. Uşaqlarda raxit, böyüklərdə isə osteoporoz, osteomalasiya (sümüklərin yumşalması) və sınıq riskinin artması ilə əlaqələndirilir.

Bundan başqa, aşağı D vitamini səviyyəsi aşağıdakı əlamətlərlə də özünü göstərə bilər:

- əzələ zəifliyi;

- xroniki yorğunluq;

- ümumi halsızlıq;

- əzələ və oynaq ağrıları;

- tez-tez yıxılma riski.

Araşdırmalar göstərir ki, D vitamini immun hüceyrələrinin normal fəaliyyətini də dəstəkləyir.

D vitamini niyə yüksəlmir?

Prof. Dr. Kuzu qeyd edir ki, günəşə çıxmağa və ya əlavələr qəbul etməyə baxmayaraq, bəzi insanlarda D vitamini səviyyəsi istənilən həddə çatmır. Bunun əsas səbəbləri bunlardır:

- günün böyük hissəsini qapalı məkanlarda keçirmək;

- yüksək qoruyuculu günəş kremlərindən istifadə;

- tünd dəri rəngi;

- artıq çəki və piylənmə;

- çölyak və Kron xəstəliyi kimi sorulma pozğunluqları;

- bəzi mədə-bağırsaq əməliyyatları;

- qaraciyər və böyrək xəstəlikləri;

- yaşlanma ilə əlaqədar D vitamini sintezinin azalması;

- epilepsiya əleyhinə dərmanlar, kortikosteroidlər və bəzi digər preparatlar;

- əlavələrin qeyri-müntəzəm və ya düzgün qaydada qəbul edilməməsi;

- maqnezium çatışmazlığı.

Mütəxəssis vurğulayır ki, maqnezium D vitamininin aktivləşməsi üçün vacib mineraldır. Balqabaq tumu, badam, ispanaq, mərcimək, noxud, banan və avokado maqneziumla zəngin qidalar sırasındadır.

Çatışmazlıq aşkar edilərsə nə etmək lazımdır?

Həkimin sözlərinə görə, D vitamini çatışmazlığı aşkar edildikdə ilk növbədə onun səbəbi müəyyənləşdirilməlidir. Müalicə hər kəs üçün eyni olmur və yaş, bədən çəkisi, xroniki xəstəliklər, istifadə olunan dərmanlar kimi amillər nəzərə alınaraq fərdi şəkildə planlaşdırılır.

Bəzi hallarda gündəlik aşağı dozalar kifayət etdiyi halda, ağır çatışmazlıq zamanı həkim nəzarəti altında yüksək dozalı müalicə tətbiq oluna bilər. Mütəxəssis xəbərdarlıq edir ki, D vitamininin nəzarətsiz və yüksək dozada qəbulu böyrək daşları, qanda kalsiumun artması və böyrək zədələnməsi kimi ciddi fəsadlara səbəb ola bilər.

D vitamini hansı qidalarda olur?

D vitamini ilə zəngin qidalar bunlardır:

- qızılbalıq, skumbriya, sardina və tuna kimi yağlı balıqlar;

- yumurta sarısı;

- qaraciyər;

- tam yağlı süd və süd məhsulları;

- D vitamini ilə zənginləşdirilmiş süd və səhər yeməyi məhsulları;

- bəzi göbələk növləri.

Mütəxəssislər bildirirlər ki, qidalar D vitamini qəbuluna töhfə versə də, əksər hallarda gündəlik tələbatı tam qarşılamır. Buna görə də balanslı qidalanma, kifayət qədər günəş şüası və zərurət olduqda həkim nəzarəti altında qəbul edilən əlavələr D vitamini səviyyəsinin qorunmasının ən etibarlı yolları hesab olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun