Bir çox insan burun tutulmasını sadəcə narahatlıq hesab etsə də, mütəxəssislər bunun bütün orqanizmə mənfi təsir göstərə biləcəyini bildirirlər.
E-saglam.az xəbər verir ki, rinoplastika cərrahı Sergey Karpoviç xroniki burun tutulmasının təhlükəli nəticələri barədə danışıb.
Həkimin sözlərinə görə, burun tənəffüsünün uzunmüddətli pozulması yuxu keyfiyyətini aşağı salır. Xoruldama və gecə ərzində baş verən mikrooyanmalara görə dərin yuxu fazaları pozulur və insan hətta kifayət qədər yatdıqdan sonra belə səhər yorğun oyanır.
Mütəxəssis qeyd edib ki, burunla normal nəfəs ala bilməmək beyinə gedən oksigenin azalmasına səbəb olur. Bu isə diqqət və yaddaş problemləri, tez yorulma və konsentrasiyanın zəifləməsi ilə nəticələnə bilər.
Karpoviçin sözlərinə görə, gecə saatlarında oksigen səviyyəsinin azalması ürəyin iş yükünü artırır və yüksək qan təzyiqinin inkişaf riskini yüksəldir. Bəzi hallarda burun tənəffüsünün bərpası arterial təzyiqin normallaşmasına kömək edə bilər.
Uşaqlarda isə xroniki burun tutulması üz skeletinin və dişlərin inkişafına mənfi təsir göstərə, diqqət dağınıqlığına və təhsil göstəricilərinin zəifləməsinə səbəb ola bilər.
Həkim xəbərdarlıq edib ki, burun açıcı damcılardan uzun müddət istifadə etmək dərman mənşəli rinitə yol aça bilər. Bu zaman selikli qişa daha da şişir və insan damcılardan asılı vəziyyətə düşür.
Mütəxəssis bildirib ki, xroniki burun tutulmasının səbəbləri arasında burun çəpərinin əyriliyi, poliplər, allergiya və travmalar yer alır. Müalicə səbəbdən asılı olaraq dəyişir və bəzi hallarda cərrahi müdaxilə tələb oluna bilər.
Tərcümə: Könül Oruc