
Prof. Dr. Canan Karatayın adını tez-tez çəkdiyi və "sultanın ədviyyatı" kimi tanınan sumaq, həm dadı, həm də sağlamlığa faydaları ilə gündəmdən düşmür.

E-saglam.az xəbər verir ki, təbii və təsirli tərkibi ilə bir çox xəstəliklərə qarşı qoruyucu rola malik olan bu ədviyyat həm ləzzət qatır, həm də şəfa verir.
Qatıqla və ya çay kimi istifadə oluna bilər
Sumaq Aralıq dənizi və Yaxın Şərq mətbəxində geniş istifadə olunur. Qurudulmuş qırmızı meyvələrdən hazırlanan bu ədviyyat qatıqla qarışdırıldıqda və ya çay şəklində qəbul edildikdə təsiri daha da artır.
Antioksidant gücü ilə qocalmanı ləngidir
Tərkibindəki antosiyanin, flavonoid və fenolik turşular sayəsində sumaq hüceyrə sağlamlığını qoruyur. Bu maddələr sərbəst radikalları neytrallaşdıraraq bədənin immunitetini gücləndirir və yaşlanma prosesini ləngidir.
İltihab əleyhinə təsiri var
Sumaq xüsusilə oynaq ağrıları və revmatik problemlərdə təbii rahatlaşdırıcı kimi çıxış edir. İltihabla mübarizədə təsirli olduğu üçün xroniki xəstəliklərin gedişatına da müsbət təsir edə bilər.
Həzm sistemini tənzimləyir
Şişkinlik, qaz və həzmsizlik kimi narahatlıqlar üçün dəstəkləyici rol oynayan sumaq, yeməkdən sonra istehlak edildikdə mədəni sakitləşdirir və həzmi asanlaşdırır.
Qan şəkərinə müsbət təsir göstərir
Araşdırmalar sumağın qan şəkəri səviyyəsini tənzimləyə bildiyini göstərir. Xüsusilə insulin müqavimətində balanslaşdırıcı təsiri olan bu ədviyyat, diabetlə mübarizədə alternativ təbii dəstək olaraq diqqət çəkir.
Ürək-damar sağlamlığını qoruyur
Sumaq damar elastikliyini artıraraq qan təzyiqini tarazlaşdırmağa və xolesterolu nəzarətdə saxlamağa kömək edə bilər. Bu təsiri ilə ürək-damar xəstəliklərinə qarşı qoruyucu bir qalxan rolunu oynayır.
Təravətli, turşməzə dadı ilə həm süfrələrə rəng qatan, həm də sağlamlığı dəstəkləyən sumaq, təbii müalicə yollarına üstünlük verənlərin sevimli ədviyyatı olaraq qalır.
Tərcümə: Könül Oruc