Məlum olub ki, dünyada ömür uzunluğu hər il artsa da, bəzi ölkələr bu sahədə digərlərindən xeyli irəlidədir.
E-saglam.az xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif statistik qurumların son hesabatlarına görə, uzun və sağlam həyat əsasən Asiya ölkələrində daha geniş yayılıb. Texnologiyanın inkişafı, keyfiyyətli səhiyyə sistemi və sağlam qidalanma vərdişləri bu nəticədə mühüm rol oynayır.
Dünyada orta ömür uzunluğuna görə yenə də Yaponiya birinci yerdədir. Bu ölkədə insanların orta yaşam müddəti 85 ildən yuxarıdır və 100 yaşdan çox yaşayanların sayı olduqca çoxdur. Yaponiya uzun illərdir bu sahədə lider mövqeyini qoruyur və sağlam həyat tərzi ilə nümunə göstərilir.
Yaponiyanı Honkonq və İsveçrə izləyir. Bu ölkələrdə yüksək rifah səviyyəsi, güclü səhiyyə infrastrukturu və profilaktik tibbin inkişafı uzunömürlülüyün əsas səbəbləri kimi göstərilir. Siyahının davamında Sinqapur, İtaliya və İspaniya yer alır. Aralıq dənizi pəhrizi və aktiv həyat tərzi bu ölkələrdə uzunömürlülüyü dəstəkləyən əsas amillərdən hesab olunur.
Türkiyə isə ömür uzunluğu baxımından siyahının orta hissəsində qərarlaşıb. Son illərdə səhiyyə xidmətlərinə çıxışın artması nəticəsində ömür uzunluğu yüksəlib. Hazırda Türkiyədə orta yaşam müddəti təxminən 78-79 ildir. Bu göstərici qadınlarda təxminən 81 il, kişilərdə isə 75-76 il təşkil edir.
Mütəxəssislər bildirirlər ki, uzun və sağlam ömrün sirri balanslı qidalanma, müntəzəm hərəkət, keyfiyyətli yuxu və stressin idarə olunmasından keçir. Bu amillər istənilən ölkədə yaşayan insanların ömür uzunluğunu artırmaq üçün əsas açar hesab olunur.
Tərcümə: Könül Oruc
E-saglam.az