Dövlət Təhsil Universitetinin Tibb fakültəsinin cərrahiyyə kafedrasının müəllimi Dr. Aleksandr Umnov insult və bəzi içkilər arasındakı birbaşa əlaqəyə diqqət çəkib.
E-saglam.az xəbər verir ki, Lenta.ru-ya verdiyi müsahibədə o bildirib ki, spirtli içkilər, qazlı içkilər və energetiklər təkcə sağlam insanlar üçün deyil, xüsusilə ürək-damar sistemi xəstəlikləri olan şəxslər üçün çox təhlükəlidir.
Spirt insult riskini artırır
Həkimin sözlərinə görə, istənilən növ spirtli içkilər insult riskini yüksəldə bilər. Onların mütəmadi istifadəsi hipertoniya, qaraciyər və böyrək pozuntuları, xolesterin səviyyəsinin artması və damar tıxanması kimi ciddi fəsadlara səbəb olur. O vurğulayıb ki, insultun ən çox yayılmış səbəbi beyində arteriyanın trombla tıxanmasıdır.
Dr. Umnov əlavə edib ki, insult keçirən, lakin spirtli içkidən imtina etməyən şəxslər ölüm riski ilə üz-üzə qala bilərlər.
Qazlı və şəkərli içkilər də təhlükəlidir
Mütəxəssis təkcə spirt deyil, şirin qazlı içkilərin də ürək-damar sisteminə mənfi təsir etdiyini bildirib. Bu içkilərin çoxu şəkər və konservantlarla zəngin konsentratlardan hazırlanır ki, bu da həm mədə, həm də ürək üçün əlavə yük yaradır.
Energetik içkilər, kofe və güclü çay: risk qrupunda
Dr. Umnov qeyd edib ki, energetik içkilər, eləcə də kofe və çox dəmlənmiş qara çay da təhlükəli içkilər sırasındadır. Bu içkilərin həddindən artıq istifadəsi taxikardiyaya (ürək döyüntülərinin sürətlənməsi) və qan təzyiqinin artmasına səbəb olur. Bu isə insult və infarkt riskini artırır.
Həkim sonda əlavə edib ki, insultların böyük əksəriyyəti insanların qan təzyiqinə və nəbzinə nəzarət etməməsi, vaxtında həkimə müraciət etməməsi, düzgün dərman qəbulu və sağlam qidalanma vərdişlərinin olmaması səbəbindən baş verir.
“Əgər kardioloqa müraciət etsəniz, o sizə mütləq deyəcək ki, ən vacib addım ürəyə düşən yükü azaltmaq və qan dövranını yaxşılaşdırmaqdır”, – deyə Dr. Umnov vurğulayıb.
Tərcümə: Könül Oruc