Bu gün şəhid komandir Vaqif Dərvişovun doğum günüdür
Bu gün şəhid komandir Vaqif Dərvişovun doğum günüdür

1978-ci il fevral ayının 4-də Dərvişovlar ailəsinin bir oğul payı dünyaya gəlir. Üç bacının bir qardaşı, ata-ananın güvənc yeri olan Vaqif zamanla doğmalarının da, dostlarının da sevimlisinə çevrilir.

E-saglam.az xəbər verir ki, Bakının Xətai rayonundakı 269 saylı orta məktəbin nümunəvi şagirdlərindən olan Vaqif oranı bitirib Azərbaycan Texniki Universitetinin Metallurgiya fakültəsinə daxil olur, ali təhsilini uğurla başa vurub hərbi xidmətə çağırılacağı günü səbirsizliklə gözləyir. Hərbi xidmətini leytenant rütbəsi ilə cəbhənin Naxçıvan istiqamətində çəkir. Taqım komandiri, topçu zabit olur.

Anası Afət xanım deyir ki, elə uşaq yaşlarından Vaqif çox mehriban və həssas uşaq olub. Kiçik yaşlarından özünə hörmət qazanmağı bacaran Vaqif anasına çox bağlı olub: "Vaqif üçün dostları hər şeydən qabaqda gəlirdi. Ailəsini də sevərdi. Qəribə uşaq idi, ümumiyyətlə. Adi uşaqlardan fərqlənirdi. O qədər şəhid ailələrinə baxmışam, dinləmişəm ki, sanki hamısı eyni olub. Allah onları elə bil seçib aparıb. Mən bunu çoxdan dərk eləmişəm. Çox bağlı olmuşam ona, boylu-buxunlu, gözəl uşaq idi. Onunla birlikdə bir yerə gedəndə hamı onun boyuna baxardı, istəyirdim ki, gizlədim, balama nəzər dəyməsin".

Vaqifin qəlbində, ruhunda idi vətənə məhəbbət. Valideynləri ailənin digər övladları kimi, Vaqifi də belə tərbiyə etmişdi: "Onunla vətənə və ailəyə sevgidən o qədər danışırdım ki, indi düşünürəm onu mən özüm elə böyütmüşəm. Şəhid xəbərini eşidəndə, dedim, ay Allah, gərək mən Vaqifi belə böyütməyəydim. Küfr elədim. O, elə olanda mənim dünyam dağıldı. Elə bil həyatım alt-üst oldu. Hardasa o qədər özümü günahkar saydım ki…"

Vaqif şəhər mühitində doğulub boya-başa çatsa da, soykökünün bağlı olduğu Qazax rayonunu çox sevirmiş. Elə buna görə də dayısı ona rayondan özünün də çox bəyəndiyi bir ev alır. Ailəsi Vaqifin hərbi xidmətdən məzuniyyətə gələcəyi günü onun yeni evində səbirsizliklə gözləyir. 2000-ci ilin avqustun 15-də övlad yolu gözləyən ailəyə qara xəbər gəlir: "Gedib orda hazırlıq görürdüm ki, uşağım məzuniyyətə gələcək. Mürəbbələr bişirdim, həyət-bacanı səliqəyə saldım. Dedi, mama, gəl kəndə, məzuniyyətimi elə burda keçirək. Mən onun öldüyü günü elə bil hiss elədim. Həyətdə idim, elə bil birdən əl-qolum bağlandı, böyük sıxıntı gəldi mənə. Həyətdə olan heyvanlar belə səs-səsə verdi. Sən demə, balam canını tapşırırmış".

Həyat yoldaşı Mahir müəllimin vəfatından sonra Afət xanım Vaqifin böyüyüb boya-başa çatdığı evi sataraq, yaxınlıqdakı başqa binaya köçüb. Səbəb isə təkcə bu evdə ona hər şeyin Vaqifi xatırlatması olmayıb: "Vaqifin dostları, sinif yoldaşları vardı məhəllədə. Vaqifin ölümündən sonra gördüm ki, uzaqdan mənim gəldiyimi görəndə onlar qaçıb gizlənirlər, sanki xəcalət çəkirlər Vaqifin ölümünə görə. Ona görə düşündüm ki, mənim haqqım yoxdur bu uşaqların rahatlığını pozmağa".

Vaqif təkcə ailəsinin deyil, qohumlarının da böyük sevgisini qazanan, böyük-kiçiyin yolunu gözləyən bir övlad olub. Dayısı Qəzənfər Qocayev deyir ki, o, həm də çox zəhmətkeş uşaq olub: "Artıq böyümüşdü, bir dəfə dedi ki, dayı, istəyirəm ki, işləyim, öz qazancım olsun. Mən onu düzəldim işlədiyim tikinti şirkətinə. İnstitutda təhsil ala-ala işləməyə başladı. İnstitutu bitirdi, işdən ayrıldı və əsgər getdi. Lökbatanda qazanxana tikirdik, dəqiq yadımdadır. Səhər hamıdan birinci gəlib briqadirə deyirmiş ki, mənim görəcəyim işlərin planını deyin ki, işimi görüm, sonra dərsə gedim. Bəzən qolları üzərində iki maşın daş daşıyardı".

Namiq Dərvişov isə deyir ki, Vaqif hər şeydən danışa bildiyi yeganə qardaşı oğlu olub: "Elə bil qardaş idik biz. Mənim oğlumla yaşıddırlar. Planlarını bölüşərdi mənimlə. Hərbi xidmətə çağırılmamışdan dedim ki, Vaqif, sən evin tək oğlusan, bəlkə getməyəsən? Dedi, əmi, mən getməyim, o getməsin, bəs kim getsin?"

Bacılarının gözünün ağı-qarası olan Vaqif Güldanə xanımdan beş yaş balaca olsa da, bacısı həmişə onunla məsləhətləşərmiş. Gülər üzlü, xoş xasiyyətli Vaqif heç vaxt səsini yüksəltməzmiş, sakit və təmkinlə bütün problemləri yoluna qoymağa müvəffəq olarmış: "O, bizim ailəmizin çırağı idi. Xasiyyətcə bizdən çox fərqlənirdi. Hətta həddindən çox deyərdim mən. Heç vaxt mənə sirrini verməzdi, etibar eləmirdi. Deyirdi, mamaya deyəcəksən. Onun sirdaşı bibim idi. Həmişə deyirdi ki, bacı, sual verəndə nəfəs al. Xaraktercə azdanışan idi. Mən çox emosional, o isə çox sakit idi".

Şeiriyyata bağlı olan Vaqif hərdən evdəkilərdən xəlvət şerlər yazarmış. Bacısı isə qardaşının əlyazmalarını bir müddət saxlasa da, orta məktəbi bitirdikdən sonra onun yazmadığını görür. Səbəbini soruşduqda isə "əsgərlikdən gələndə yazacam. Qoy ilham pərim gəlsin" deyərmiş: "Yanvarın 3-ü getdi. Bu il 18 ili tamam olur. Sonuncu gün evdən çıxanda televizorda Şövkət Ələkbərovanın konserti gedirdi. Dinlədik. Mahnının sözlərində deyirdi ki, "getmə, amandır, getmə". Bu vaxt ayaqqabılarını geyinirdi. Başını qaldırdı və televizora baxdı, amma heç nə demədi. Duruxdu elə bil, mən tez müdaxilə elədim ki, belə şeylərə fikir vermə. Sağ-salamat qayıdacaqsan. Sonucu dəfə avqustun 8-də zəng elədi. Mənə elə gəlirdi ki, Vaqifə heç nə ola bilməz. Mən bu günə kimi yoxluğuna inanmamışam. Elə bilirəm hələ də hərbi xidmətdədir və bir gün gələcək". 

Vaqifin dostu və sinif yoldaşı Cavid İsmayıl onunla həm də qonşu olub. Deyir ki, Vaqifin ölüm xəbəri həyatının ilk böyük itkisi olub: "Çünki o vaxta qədər dostlar, tanışlar və qohumlar arasında, eləcə də yaxın ailə üzvlərim arasında itki yaşamamışdım. Ona görə Vaqifin itkisi çox ağır qarşıladım. O günü xatırlamaq mənim üçün indi də çox çətindir. İşə gedirdim, gördüm həyətdə dəmir cənazə var. Dedilər, əsgər meyiti gətiriblər. İlk ağlıma gələn Vaqif oldu, çünki Vaqifgilin blokunun qarşısında idi o. Amma özümə toxtaqlıq verdim ki, Vaqif əsgər deyil, zabitdir. Özümü birtəhər dayanacağa çatdırdım. Orda qonşulardan biri mənə dedi ki, Vaqifi gətiriblər".

Dostunun ölüm xəbərindən sarsılan Cavid onun dəfn mərasiminə qatılmır. Səbəbi isə…

"Vaqifin anası həmin gün rayonda idi. Onlar Bakıya gələnədək yas mərasimində iştirak etdim. Çatmaq üzrə olduqlarını eşitdikdə məhəllədən uzaqlaşdım. Mənim çox ağır idi Vaqifin anasının göz yaşlarını və naləsini görmək. Sonradan mənə dedilər ki, bədənində 22 güllə yeri olub".

Sonradan Cavid İsmayıl şəxsi kanalları vasitəsilə Vaqifin şəhid olduğu günlə bağlı bəzi məlumatlar əldə edib: "Bilirsiz ki, 2000-ci ildə Azərbaycan Müdafiə Nazirliyi mətbuata bu qədər açıq deyildi. İtkilərlə bağlı məlumat o qədər şəffaf verilmirdi. Öyrəndim ki, Vaqif Gəncədən olan Həşimov soyadlı bir əsgəri ilə cəbhənin Şahbuz istiqamətində ermənilər tərəfindən pusquya salınıb. Ermənilərin təslim olmaq çağırışına tabe olmamış, sona qədər döyüşməyi seçmişdi. İki rəqəm səsləndirildi – birində 8, digərində 14 nəfər ermənini öldürdüklərini dedilər. Bu isə çox inandırıcı idi, çünki uşaq vaxtı "TİR"ə gedəndə aramızda ən sərrast atan da məhz Vaqif idi. Avqustun 9-da baş vermişdi bu hadisə. Meyiti 5 gün ermənilərdə qalmışdı və 15-də dəfn olundu. Tək təsəllimiz odur ki, Vaqif qisasını özü almışdı".

Cavid İsmayıl hesab edir ki, əslində leytenant Vaqif Dərvişov, Milli Qəhrəman Mübariz İbrahimov kimi, düşmənin təslim olmaq çağırışına atəşlə cavab verməklə Azərbaycan Ordusunun zabitinin şərəfini qorumağı üstün tutub.

Yaşasaydı, fevralın 4-də 46 yaşı olacaqdı. Amma Vaqif əbədi olaraq 22 yaşında qalmağı seçdi və düşmənlə son nəfəsinədək döyüşərək şəhid oldu. "Azərbaycan Respublikasının Xatirə Kitabı"nda onun haqqında məlumat verilib. Təhsil aldığı ali məktəb qarşısında ucaldılan abidədə Texniki Universitetin digər şəhidləri ilə yanaşı, Vaqif Dərvişovun da adı yazılıb.  /// Mənbə APA

Doğum günün mübarək, Şəhid Komandir!