Stomatoloq Zoya Rəcəbova bildirib ki, səbəbi bilinməyən diş ağrısı ürək-damar sistemi ilə bağlı ciddi problemlərin ilkin siqnalı ola bilər.
E-saglam.az xəbər verir ki, o, açıqlamasında infarktın bu az bilinən əlamətinə diqqət çəkib.
Mütəxəssisin sözlərinə görə, miokard işemiyası və ya başlanğıc infarkt zamanı ağrı təkcə sinədə deyil, aşağı çənəyə, boyuna və ya qulağa da yayıla bilər. Bu, ürək və üz-çənə nahiyəsinin eyni sinir yolları ilə əlaqəli olması ilə izah olunur. Nəticədə insan dişlərdə və ya diş ətlərində ağrı hiss etsə də, əsl problem ürəklə bağlı olur.
Rəcəbova qeyd edib ki, bu tip ağrı adi diş ağrısından fərqlənir. O, qida qəbulu ilə bağlı olmur, konkret dişə təzyiq zamanı artmır və dəqiq lokalizasiya olunmur. Pasiyentlər adətən bu ağrını yayılan, sıxıcı və ya qeyri-müəyyən narahatlıq kimi təsvir edirlər. Üstəlik, diş müayinəsi zamanı çürük və ya digər stomatoloji problem aşkar olunmur.
Həkim vurğulayıb ki, belə ağrı ilə yanaşı nəfəs darlığı, halsızlıq, soyuq tər, sinədə ağırlıq hissi və ya başgicəllənmə də müşahidə olunarsa, infarktdan şübhələnmək lazımdır və dərhal həkimə müraciət etmək vacibdir.
Tərcümə: Könül Oruc