Sağlamlıq
Birjadakı dalğalanmalar
Sağlamlıq
99

Birjadakı dalğalanmalar infarkt və intihar riskini artırır

12 milyondan çox ölüm halının təhlili göstərib ki, birjadakı 1 faizlik eniş infarkt və insultdan ölümləri 1 faizə, intihar hallarını isə 1,77 faizə qədər artırır. Hətta bazar yüksəldikdə belə, insanlar arasında gərginlik, peşmanlıq və qərarsızlıq kimi psixoloji faktorlar artaraq sağlamlığa mənfi təsir göstərə bilir.

E-saglam.az-ın məlumatına görə, ən çox təsirlənənlər arasında 65 yaşdan yuxarı kişilər, aşağı təhsil səviyyəsinə malik insanlar və mərkəzi bölgələrdə yaşayanlar yer alır. Gündaxili qiymət dəyişkənliyi – yəni gün ərzində yaşanan ani eniş-yüksəlişlər – xüsusilə intihar riskini daha da artırır. Araşdırma göstərir ki, belə dalğalanmalar yalnız investorları deyil, dolayı yolla bütöv cəmiyyəti əhatə edə bilər. Xəbərlərdə verilən bazar məlumatları, pensiya fondlarının dəyərindəki dəyişikliklər və ya şəxsi əmanətlərə təsir nəticəsində insanlar əlavə stress yaşayırlar.

Mütəxəssislərin fikrincə, bu təsirin əsas səbəbi stres hormonlarının – kortizol və katexolaminlərin – səviyyəsinin artmasıdır. Bu hormonlar ürək-damar sisteminə zərər verərək qan təzyiqinin yüksəlməsinə, damarların iltihablanmasına və ritm pozuntularına səbəb olur.

Tədqiqatçılar tövsiyə edir ki, iqtisadi tənəzzül dövrlərində psixi sağlamlıq xidmətləri gücləndirilməli, maliyyə savadlılığı artırılmalı, ictimai dəstək mexanizmləri qurulmalı və iqtisadi xəbərlərin yayımında daha məsuliyyətli və şəffaf yanaşma sərgilənməlidir. Bu tədbirlər həm fərdi, həm də cəmiyyət səviyyəsində ölümcül nəticələrin qarşısını almağa kömək edə bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun