Tibbi xəbərlər
Beyin ölümü elan olunmuşdu, orqanları çıxarılan anda gözlərini açdı -
Tibbi xəbərlər
191

Beyin ölümü elan olunmuşdu, orqanları çıxarılan anda gözlərini açdı - ABŞ-də orqan donorluğunda şok hadisə

ABŞ-ın Kentukki ştatında beyin ölümü diaqnozu qoyulan xəstə əməliyyat otağına aparılarkən gözlərini açaraq ətrafa baxıb. Bu hadisə ölkədə orqan donorluğu sisteminin etibarlılığı ilə bağlı ciddi suallar doğurub.

E-saglam.az xəbər verir ki, 2021-ci ilin oktyabrında TJ Huver adlı bir şəxsin həddindən artıq doza səbəbilə beyin ölümünə uğradığı düşünülüb və orqanlarının çıxarılması üçün əməliyyata hazırlanıb. Lakin xəstə əməliyyat otağına aparılan zaman gözlərini açıb və ətrafındakı insanlara baxmağa başlayıb. Bacısı Donna Rhorer bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasında keçirilən dinləmədə danışıb.

Əməliyyata başlayan tibb komandası təxminən 45 dəqiqə sonra prosesin dayandırılmasına qərar verib. Cərrahi toxuma mütəxəssisi Nataşa Miller həmin anları belə təsvir edib: “O, sakit deyildi, çox hərəkət edirdi”. Miller bu hadisədən sonra vəzifəsindən istefa verib.

Hazırda TJ Huver sağdır və bacısı ilə birgə yaşayır. O, baş verən hadisənin psixoloji nəticələri, xüsusilə posttravmatik stress pozuntusu ilə mübarizə aparır.

Hadisə orqan donorluğu sistemindəki ciddi boşluqları üzə çıxarıb. “Qan dövranı dayandıqdan sonra donorluq” adlanan üsulun təhlükəli ola biləcəyi bildirilir. Bu praktika beyin ölümü olmayan, lakin həyati dəstəkdə olan xəstələrdən orqan götürülməsinə imkan verir.

ABŞ Səhiyyə Nazirliyi artıq sistemdə islahatların başlanacağını açıqlayıb. Nazirliyin katibi kiçik Robert Kennedi qeyd edib: “Biz müəyyən etmişik ki, bəzi xəstəxanalar həyat əlamətləri göstərən xəstələrdə orqan çıxarma prosesinə başlayır. Bu qəbuledilməzdir. Hər bir insanın həyatının müqəddəsliyi qorunmalıdır.”

Huverin əməliyyat prosesi ilə bağlı cərrahiyyə koordinatoru Nyckoletta Martin bildirib ki, xəstə angioqrafiyadan sonra iflic olub və sedasiya alıb. “Xəstəxana işçiləri çox təəccüblənmişdi, bəziləri bu vəziyyəti evtanaziya ilə müqayisə edirdi”, - deyə o qeyd edib. Prosesə baxan bir kardioloq da xəstənin vəziyyətinin beyin ölümünə uyğun gəlmədiyini bildirib.

Donna Rhorer hesab edir ki, bu hadisə sistemdə ciddi dəyişikliklərin vacibliyini göstərir: “TJ yaşamaq uğrunda mübarizə apardı və sağ qaldı. Amma çoxları bu şansı əldə etmədi”.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun