Yeni bir araşdırma göstərir ki, bel ağrısı illər sonra 65 yaşdan yuxarı kişilərdə yuxu keyfiyyətinin pisləşməsinə səbəb ola bilər.
E-saglam.az-ın məlumatına görə, tədqiqatın nəticələrinə görə, xroniki bel ağrısı olan kişilərdə zaman keçdikcə yuxu problemlərinin yaranma ehtimalı daha yüksəkdir və bu əlaqə əsasən bir istiqamətdə inkişaf edir: əvvəlcə bel ağrısı, sonra isə zəif yuxu.
Penn Dövlət Universitetinin tədqiqatçıları bildiriblər ki, bel ağrısı və yuxu pozuntuları yaşlı insanlar üçün ciddi sağlamlıq problemləridir. Onlar bir neçə il ərzində toplanmış məlumatları analiz edərək müəyyən ediblər ki, bel ağrısı gələcəkdə yuxu problemlərini proqnozlaşdırır, lakin yuxu pozuntuları bel ağrısının yaranmasını öncədən göstərmir. Bu isə ağrının vaxtında və düzgün idarə olunmasının nə qədər vacib olduğunu ortaya qoyur.
“Innovation in Aging” jurnalında dərc olunan tədqiqat “Kişilərdə Osteoporotik Sınıqlar” adlı uzunmüddətli araşdırmanın məlumatlarına əsaslanır. Araşdırmada 1055 yaşlı kişinin məlumatları təhlil edilib, onların bel ağrısı vəziyyəti və yuxu keyfiyyəti altı ildən artıq müddətdə izlənilib. Nəticələr göstərib ki, bel ağrısı olan kişilərdə altı il sonra yuxu problemlərinin yaranma riski 12–25 faiz arasında artır.
Tədqiqatda yalnız yuxu müddəti deyil, həm də nizamsız yuxu cədvəli, yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanma və gündüz həddindən artıq yuxululuq kimi hallar nəzərə alınıb. Bu problemlərin hamısı bel ağrısı ilə sıx əlaqəli olub və zamanla daha da güclənə bilib.
Alimlər bildirirlər ki, əldə olunan nəticələr əsasən ağdərili, yaşlı kişilərin məlumatlarına əsaslanır və qadınlara və ya daha fərqli etnik qruplara tam şəkildə aid edilməyə bilər. Buna baxmayaraq, bel ağrısının gələcək sağlamlıq problemləri üçün ciddi xəbərdarlıq siqnalı olduğu vurğulanır.
Sumi Li qeyd edib ki, əgər yaşlı bir insanda bel ağrısı müşahidə olunursa, bu, gələcəkdə yuxu pozuntuları, yaddaş problemləri, depressiya, narahatlıq, hətta yıxılma riskinin artması kimi halların yaranacağının göstəricisi ola bilər. Bu səbəbdən bel ağrısı yüngül problem kimi qəbul edilməməli, vaxtında tibbi nəzarətə götürülməlidir.
Mütəxəssislər bildirirlər ki, yaşlı insanlarda keyfiyyətli yuxu daha yaxşı fiziki sağlamlıq, idrak funksiyalarının daha yavaş zəifləməsi və ölüm riskinin azalması ilə birbaşa əlaqəlidir. Son araşdırmalar göstərir ki, xroniki yuxusuzluqdan əziyyət çəkən insanlarda demensiya və ya yüngül idrak pozuntularının yaranma riski normal yatan insanlara nisbətən təxminən 40 faiz daha yüksəkdir.
Tərcümə: Könül Oruc