17-19 may 2025-ci il tarixlərində Bakıda yerləşən JW Marriott Abşeron otelində “4-cü Azərbaycan-Türkiyə Pediatriya Günləri” adlı elmi-praktik konfrans uğurla keçirildi.
E-saglam.az xəbər verir ki, tədbir TƏBİB, Azərbaycan Tibb Universiteti, Respublika Pediatriya Mərkəzi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və "Konora Events" şirkətinin, Türkiyənin “Pediatrik Uzmanlık Akademisi Derneği” və “Doğu Pediatri Derneği” elmi cəmiyyətlərinin birgə təşkilatçılığı ilə baş tutdu.
Konfransın əsas məqsədi pediatriya və ona yaxın ixtisas sahələrində əldə edilən yeni nailiyyətlərin müzakirəsi, xüsusilə gənc həkimlərin elmi-praktik biliklərinin artırılması və təcrübə mübadiləsinin təşviq olunması idi. Tədbir Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tibbi Şurası tərəfindən 16 Davamlı Tibbi Təhsil (DTT) krediti ilə akkreditasiya olunmuşdur.
Elmi proqram çərçivəsində pediatriyanın müxtəlif sahələrini – uşaq endokrinologiyası, LOR, respirator xəstəliklər, uşaq revmatologiyası, psixiatriya, nevrologiya, neonatologiya və digər aktual mövzuları əhatə edən debat panelləri və təqdimatlar keçirildi. Konfransdan öncə təşkil olunan 3 tətbiqi kurs isə gənc mütəxəssislərin praktik bacarıqlarını inkişaf etdirmək baxımından xüsusi əhəmiyyət daşıdı.
Tədbirdə Türkiyənin aparıcı universitetlərinin nümayəndələri də daxil olmaqla, ümumilikdə 8 moderator və 17 məruzəçi yerli mütəxəssislərlə öz bilik və təcrübələrini bölüşdülər. Konfrans həmçinin müxtəlif ölkələrdən gəlmiş iştirakçılarla əlaqələrin qurulmasına, gələcəkdə ixtisasartırma kursları və beynəlxalq elmi tədbirlərdə iştirak imkanlarının genişlənməsinə zəmin yaratdı.
Konfrans iştirakçıların böyük marağı və yüksək fəallığı ilə yadda qaldı.
Qeyd edək ki, tədbirin rəsmi agentliyi "Konora Events" şirkəti və media dəstəyi E-saglam.az sağlamlıq və tibbi xəbərlər portalıdır.