Bağırsağınızı sağaltmaq istəyərkən ona daha çox zərər verə bilərsinizmi? Trendləri izləmək asandır, amma elmə zidd olmamaq vacibdir.
E-saglam.az-ın məlumatına görə, mütəxəssislərin araşdırmalarına əsasən, “yaxşı olduğu düşünülən”, lakin səhv həyata keçirilən 7 məşhur vərdiş bunlardır.
1. Səhərlər acqarına limonlu su içmək
Tez-tez pH-ı balanslaşdırdığı, toksinləri yuduğu və ya bağırsağı “oyandırdığı” iddia edilir. Əslində, limon suyu mədə turşusundan daha zəifdir və turşulu içkilər bəzi insanlarda reflü, ürək yanması və diş minasının aşınmasına səbəb ola bilər (Amerika Diş Həkimləri Assosiasiyası, 2022).
Daha yaxşı seçim: İlıq su içmək bağırsaq hərəkətlərini təşviq edir, limon əlavə etmək şərt deyil. İstəyə görə bir dilim təzə zəncəfil, nanə və ya alma qabığı əlavə edə bilərsiniz.
2. Hər detoks faydalıdır
Üç günlük maye pəhrizlər və kələm-kərəviz suları tez-tez bağırsaqları “təmizləyən” üsullar kimi təqdim olunur. Ancaq bağırsaqdakı faydalı bakteriyalar liflə qidalanır, maye detokslar isə lifsiz olduğu üçün əks təsir göstərə bilər. Sürətli kilo itkisi yaratsa da, mikrobiota müxtəlifliyini azalda bilər (Harvard T.H. Chan, 2023).
Daha yaxşı seçim: Lif baxımından zəngin, təbii qidalarla bağırsaq dostu təmizləmə aparmaq. Unutmayın, qaraciyər və bağırsaqlar təbii olaraq özünü təmizləyir.
3. Qlutensiz pəhriz sağlamdır
Çölyak xəstəliyiniz yoxdursa, glutensiz pəhrizin bağırsaqlarınıza xüsusi faydası yoxdur. Üstəlik, qlutensiz məhsullar çox vaxt az lifli və yüksək dərəcədə işlənmiş nişastalı olur (British Nutrition Foundation, 2021).
Daha yaxşı seçim: Tam taxıl, bulqur və yulaf kimi lif mənbələrini qorumaq. Həzm problemi varsa, əvvəlcə FODMAP testindən keçmək.
4. Probiyotik əlavələr hər kəs üçün faydalıdır
“Probiyotik” etiketli hər məhsul effektiv deyil. Ehtiyac hər insanda fərqlidir. Məsələn, bəzi hallarda (SIBO) probiyotiklər əksinə zərər verə bilər (Mayo Clinic, 2023).
Daha yaxşı seçim: Probiyotik növü, dozası və istifadəsi mütəxəssis məsləhəti ilə müəyyən edilməlidir. Rutin olaraq deyil, ehtiyac olduqda qəbul edin.
5. Hər gün kefir və ya turşu istehlak etmək
Fermentasiya olunmuş qidalar faydalıdır, amma onları hər gün və çox miqdarda yemək tövsiyə edilmir. Kefirin çox istifadəsi qaz və şişkinlik yarada bilər. Turşular isə çox vaxt həddindən artıq duzlu olur.
Daha yaxşı seçim: Həftədə 3-4 gün, yarım stəkan adi kefir; az duzlu, pasterizə olunmamış, evdə hazırlanmış turşular.
6. Bağırsaqları təmizləmək üçün prosedurlar aparmaq
“Enema” və ya “kolon hidroterapiya” kimi üsullar həm zərərli, həm də faydalı bakteriyaları yuyub aparır. Tez-tez tətbiqi bağırsaq florasına zərər verə bilər (Johns Hopkins Medicine, 2022).
Daha yaxşı seçim: Yalnız həkim nəzarəti ilə və tibbi səbəb olduqda aparmaq.
7. “Sağlam” desertlər zərərsizdir
Qlutensiz tortlar və şəkərsiz peçenyelər çox vaxt “günahsız” hesab edilir. Lakin tərkibində xurma, bəkməz və ya hindistan qozu şəkəri kimi yüksək şəkərli maddələr varsa, bağırsaqda candida göbələyinin artmasına səbəb ola bilər (Gut Health Alliance, 2023).
Daha yaxşı seçim: Etiketləri oxuyun və şəkərin növünə diqqət edin.
Tərcümə: Könül Oruc