Avstraliyalı bir kişi, orqan donorunu gözləyərkən süni titan ürəklə 100 gün sağ qalıb. Bu, bu texnologiyadan istifadə edən hər kəsin qeydə alınmış ən uzun sağ qalma müddətidir.
E-saglam.az xəbər verir ki, şəxsiyyətini açıqlamayan 40 yaşlı xəstə, ötən ilin noyabr ayında Sidneydəki Müqəddəs Paul xəstəxanasına yerləşdirilmişdi və burada Vinsent xəstəxanasında keçirilən əməliyyatla süni ürək almışdı. Fevral ayında o, bu cihazla xəstəxanadan çıxan ilk şəxs oldu və ürək transplantasiyası üçün uyğun donor tapıldıqdan sonra, bu ayın əvvəlində sağlamlığına qovuşdu.
St. Vincent Hospital, Monash Universiteti və BiVACOR adlı ABŞ-Avstraliya ortaq müəssisəsinin verdiyi birgə açıqlamada, xəstənin "yaxşı sağaldığı" və bu cihazın uzun müddət sağ qalma imkanı təqdim etdiyi bildirilib.
Süni ürək cihazı hələ sınaq mərhələsindədir və ümumi istifadəyə icazə verilməyib. Lakin BiVACOR-un qurucusu və cihazın ixtiraçısı olan avstraliyalı biomühəndis Daniel Timms, bu texnologiyanın icadı ilə bağlı, “Atamın ürək xəstəliyindən ölməsindən sonra bu cihazı icad etməyin həyəcanverici bir hiss olduğunu” ifadə edib. Timms həmçinin, “BiVACOR komandası bu həyati xilasedici texnologiyanı xəstəyə və onun ailəsinə təqdim etməkdə göstərdikləri cəsarətə görə çox minnətdardır” deyib.
BiVACOR Ümumi Süni Ürək (TAH), yalnız bir hərəkət edən hissədən ibarətdir. Maqnitlə yerində saxlanılan levitasiya rotoru ilə işləyən bu cihaz, titandan hazırlanmışdır və aşınmaya meylli klapanlar və mexaniki rulmanlar yoxdur. Bu texnologiya, ürək çatışmazlığı olan şəxslərin qanı bədənə və ağciyərlərə vurmasına imkan verir, beləliklə hər iki mədəciyi əvəz edir. Ürək-damar xəstəlikləri, ölümün ən başlıca səbəblərindən biridir və hər il dünyada təxminən 18 milyon insanın ölümünə səbəb olur. BiVACOR-un süni ürəyi, bu problemlə mübarizə üçün ümidverici bir yanaşmadır və gələcəkdə ürək transplantasiyası gözləyən xəstələrə həyat vermək məqsədi güdür.
ABŞ Səhiyyə Departamentinin məlumatına görə, 2024-cü ilə qədər təxminən 3500 insan ürək nəqli alacaq, lakin həmin il transplantasiya gözləmə siyahısında 4400 nəfər olacaq. Viktor Çanq Ürək Tədqiqat İnstitutunun professoru Chris Hayward, BiVACOR ürəyinin "ürək transplantasiyası üçün tamamilə yeni bir dövr açdığını" bildirərək, bu texnologiyanın yaxın gələcəkdə donor ürəyi gözləyə bilməyən xəstələr üçün bir alternativ olacağını qeyd edib.
BiVACOR ürəyi, ABŞ Qida və Dərman Administrasiyasının Erkən Texniki-İqtisadi Tədqiqatında da sınaqdan keçirilib. İlk sınaq keçən iyul ayında Texas Tibb Mərkəzində, son mərhələdə ürək çatışmazlığı olan 58 yaşlı bir xəstə üzərində aparılıb. Bu sınaqda cihaz, donor tapılana qədər xəstəni səkkiz gün sağ saxlayıb. Tədqiqatın məqsədi cihazın təhlükəsizliyini və performansını yoxlamaqdır və daha 15 xəstə ilə bu tədqiqatın genişləndirilməsi planlaşdırılır.
Avstraliyalı xəstənin implantı, Monaş Universitetinin Süni Ürək Sərhədləri Proqramı çərçivəsində həyata keçirilən ilk implantdır. Bu proqram, ürək çatışmazlığının müalicəsi üçün üç cihazın inkişafını və kommersiyalaşdırılmasını hədəfləyir.
Süni ürəklər, gələcəkdə daha çox həyatları xilas etmək və ürək transplantasiyası gözləyən xəstələrə yeni bir ümid vermək potensialına sahibdir.
Tərcümə: Zəhra Niftiyeva