Elm adamları boğazda yeni orqan kəşf ediblər
E-saglam.az bildirir ki, bu, burun arxasında, boğazın üst hissəsində 3,9 sm uzunluğunda olan tüpürcək vəziləridir. Torus tubarius nahiyəsinin ətrafında yerləşdiyi üçün bu vəzilərə “tubarial tüpürcək vəziləri” adı verilib.
Tədqiqatçılar “Radioterapiya və Onkologiya” jurnalında vəzilərin burun və ağızın arxasındakı yuxarı boğaz nahiyəsini nəmləndirməyə xidmət etdiyini qeyd ediblər. Bu kəşf təsadüf nəticəsində olub. Belə ki, Hollandiya Xərçəng Xəstəliyi İnstitutunda tədqiqatçılar prostat xərçəngini araşdırmaq üçün prostat xərçəngi hüceyrələrində yüksək səviyyədə rast gəlinən PSMA proteinini test ediblər. Bu protein nəinki prostat xərçəng hüceyrələrində, o cümlədən tüpürcək vəzilərində də sintez olunur. Bu vasitə ilə test zamanı yeni tüpürcək vəziləri də kəşf olunub. İndiyə qədər 3 cüt böyük tüpürcək vəzisinin olduğu məlum idi: qulaqyanı, çənəaltı, dilaltı. Bununla yanaşı ağız boşluğunda milyonlarla kiçik tüpürcək vəziləri də var. Tədqiqatçılar kəşfi isbat etmək üçün 100 xəstəni test etdilər (təcrübə əvvəldən prostat xərçənginə aid olduğu üçün 99 xəstə kişi idi). Nəticədə hər bir təcrübə iştirakçısının yeni kəşf olunan vəzilərə sahib olduğu aşkarlandı. Bununla yanaşı, araşdırmalar nəticəsində bu vəzilərin mukozal vəz toxumasından və burun-udlağa gələn vəz kanallarından formalaşdığı müəyyən olundu.
Bəs bu vəzilərin bizə nə faydası var?
Bu kəşf xərçəng xəstəliyinin müalicəsi üçün çox vacib rol oynaya bilər. “Rol oynaya bilər”, bəli. Tam dəqiq bilmək üçün isə daha geniş araşdırmalara ehtiyac var. Amma indi əlimizdə olan məlumatları bir araya yığsaq, nəticəyə gəlirik ki, xərçəngin müalicəsində baş və boyuna radiasiya şüaları ilə təsir edən həkimlər ehtiyatlı olmalıdırlar. Çünki radiasiyanın təsirindən bu vəzilərin zədələnməsi həyat keyfiyyətinə mənfi təsir edə bilər. Bütün bunları onkologiya üzrə mütəxəssis doktor Vouter Voqel deyib. O əlavə edir:“Xəstələr yemək yeməkdə, udqunmaqda və danışmaqda çətinlik çəkə bilərlər”. Amma bu kəşfə kimi heç kəs tubarial tüpürcək vəzilərini zədələməmək üçün radioterapiyadan qaçmağa çalışmadı.
Tədqiqatçılar Qroninqen Universitetinin Tibb Mərkəzində müalicə olunan 700-dən çox xərçəng xəstəsinin məlumatlarını nəzərdən keçirdilər. Müəyyən olundu ki, xəstələrin sözügedən vəzilər ətrafında daha yüksək dozalarda radiasiyaya məruz qalması nəticəsində radioterapiyanın əks təsirləri daha çox olub.
Beləliklə, yeni kəşf xərçəng xəstələrinin müalicəsində yaranan əks təsirlərin azalmasına gətirib çıxaracaq. Voqel: “Növbəti addımımız bu yeni vəziləri ən yaxşı şəkildə hansı xəstələrdə və necə qoruya biləcəyimizi öyrənməkdir. Bunu edə bilsək, xəstələr daha az əks təsirə məruz qalacaq və bu da müalicədən sonra ümumi həyat keyfiyyətinin yaxşılaşması ilə nəticələnəcək”./tibb.fed.az/