Diyetoloqlar tərəfindən tez-tez tənqid edilən ağ çörək bəzi hallarda orqanizm üçün faydalı ola bilər.
E-saglam.az-ın məlumatına görə, diyetoloq Sofiya Kovanova aif.ru saytına verdiyi açıqlamada bildirib ki, ağ çörək əsasən yüksək kalorili və aşağı qida dəyərinə malik olduğu üçün gündəlik qidalanma üçün tövsiyə edilmir.
Mütəxəssisin sözlərinə görə, ağ çörək tez toxluq hissi yaratsa da, bu təsir qısamüddətli olur. Nəticədə insan daha tez acır, tez-tez qəlyanaltılara meyl edir və bu da çəki artımına səbəb ola bilər. Bundan əlavə, ağ çörək vitamin və minerallarla zəngin olmadığı üçün rasionu faydalı maddələrlə təmin etmir.
Bu səbəbdən ağ çörək arıqlamaq istəyənlər üçün uyğun seçim hesab edilmir. Həmçinin kəskin mədə-bağırsaq problemləri zamanı həkimlər onun qəbulunu tövsiyə etmirlər.
Lakin Sofiya Kovanova bir istisnanın olduğunu da vurğulayır. Onun sözlərinə görə, intensiv fiziki məşqdən əvvəl orqanizmin sürətli enerji və kalori ehtiyacı olduqda ağ çörək istifadə edilə bilər. Bu zaman o, tez sorulan karbohidrat mənbəyi kimi fayda verə bilər.
Yəni məqsəd uzunmüddətli toxluq yox, qısa müddətdə enerji toplamaqdırsa, ağ çörək məşqdən əvvəl uyğun seçim sayılır. Digər bütün hallarda isə, xüsusilə də oturaq həyat tərzi keçirən insanlar üçün tam taxıllı və liflə zəngin çörəklərə üstünlük verilməsi daha sağlamdır.
Tərcümə: Könül Oruc