Tibbi xəbərlər
36 yaşında qaraciyər xərçəngi olduğunu öyrəndi:
Tibbi xəbərlər
270

36 yaşında qaraciyər xərçəngi olduğunu öyrəndi: Bir əlamətə fikir verməyib

Uzun illər maliyyə sektorunda gərgin iş qrafiki ilə çalışan Adam Wereszczynski özünü daim yorğun hiss edirdi.

E-saglam.az xəbər verir ki, lakin bu yorğunluğu peşə həyatının təzyiqi və gecə saatlarına qədər davam edən sosial görüşlərlə əlaqələndirirdi.

Yorğunluq ciddi bir əlamət imiş

Daimi yorğunluq və arada sırada baş verən halsızlıqlarına əhəmiyyət verməyən Adam özünü sağlam hesab edirdi. Qaçışa gedir, idmanla məşğul olurdu və qırmızı şərabı da çox sevirdi. Ancaq günlərin birində nahar zamanı dostları ilə aralarında keçən söhbət – alkoqoldan sonra yaranan yorğunluqla bağlı – onu düşünməyə vadar etdi. Elə bu söhbət nəticəsində qaraciyər testlərindən keçmək qərarına gəldi.

Diaqnoz: yağlı qaraciyər xəstəliyi və qaraciyər xərçəngi

London xəstəxanasında aparılan müayinələr zamanı Adama alkoqolsuz yağlı qaraciyər xəstəliyi (QAYQH) diaqnozu qoyuldu. Daha sonra bu xəstəliyin səbəb olduğu iltihab və zədələnmə qaraciyər xərçənginə çevrilmişdi. O zaman artıq xərçəng müəyyən mərhələyə çatmışdı.

Ən yayğın, amma fərqinə varılmayan xəstəlik

Mütəxəssislərin fikrincə, yağlı qaraciyər xəstəliyi İngiltərədə hər beş nəfərdən birində mövcuddur. Xəstəlik çox vaxt heç bir simptom vermədən irəliləyir və bu səbəbdən vaxtında aşkarlanması çətin olur. Həkimlər xəbərdarlıq edirlər ki, bu səssiz xəstəlik siroz və xərçəngə çevrilə bilər.

Qaraciyər: 500-dən çox funksiyanı yerinə yetirən orqan

Cərrahi onkoloq Dr. Gareth Morris-Stiff-in sözlərinə görə, qaraciyər orqanizmin qəbul etdiyi bütün maddələri emal edir və çox sayda həyati funksiya yerinə yetirir. Ancaq bu gün emal olunmuş qidalar, süni maddələr və pestisidlər qaraciyəri həddindən artıq yükləyir. Təkcə sağlam pəhriz yetərli deyil – keyfiyyətli, təmiz və düzgün seçilmiş qidalanma vacibdir.

Qaraciyər xərçəngi gəncləşir

The Lancet jurnalının proqnozlarına əsasən, 2050-ci ilə qədər dünyada qaraciyər xərçəngi halları 1,52 milyona çata bilər. Bu xəstəlik artıq təkcə yaşlılarda deyil, gənc insanlarda da artmaqdadır.

Adam Wereszczynski həyat tərzini tamamilə dəyişdi. Bitki əsaslı pəhrizə keçdi, 25 kiloqram arıqladı və müntəzəm müayinələr nəticəsində qaraciyər funksiyaları normallaşdı. “İndi özümü enerjili hiss edirəm. Dərimdəki parlaqlıq və ümumi sağlam görünüşüm ətrafımda da hiss olunur”, – deyə o bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun