Yeni bir araşdırma, səthdə tamamilə sağlam görünən insanların da qəfil infarkt və insult riski daşıdığını üzə çıxarıb. Xüsusilə siqaret çəkməyən, yüksək qan təzyiqi, xolesterin və diabet kimi klassik risk faktorları olmayan şəxslərin belə təhlükə altında olduğu məlum olub.
E-saglam.az xəbər verir ki, araşdırma, xüsusilə “sağlam” görünən qadınlarda infarkt və insult riskinin gözləniləndən xeyli yüksək olduğunu göstərib.
Mütəxəssislər bu klassik səbəbləri “standart dəyişdirilə bilən risk faktorları” (SMuRF) adlandırır. Lakin nəticələr göstərir ki, SMuRF olmayan insanlar da ciddi ürək-damar xəstəliyi riski ilə üz-üzə qala bilirlər.
ABŞ-də aparılan genişmiqyaslı Qadın Sağlamlığı Tədqiqatında 30 il ərzində 12.530 qadın izlənilib. Onların qan analizlərində iltihabla bağlı marker – yüksək həssas C-reaktiv zülalın (hsCRP) səviyyəsi ölçülüb.
Nəticələr təəccüblü olub: yüksək hsCRP səviyyəsi olanlarda ömür boyu koronar ürək xəstəliyi riski 77 faiz, insult riski 39 faiz, ümumilikdə hər hansı ciddi ürək-damar hadisəsi riski isə 52 faiz daha yüksək qeydə alınıb.
Bu tapıntılar iltihabın ürək-damar xəstəlikləri üçün müstəqil risk faktoru ola biləcəyini göstərir. Ayrı bir klinik sınaqda isə statinlərlə müalicə (iltihabı azaldan və “pis xolesterol”u salan dərmanlar) bu riski 38 faiz aşağı salıb. Statinlər 1980-ci illərdən geniş istifadə olunur və ucuz, eyni zamanda həyat qurtaran təsirləri ilə tanınır.
Ürək sağlamlığı üzrə mütəxəssis Dr. Paul Ridker bildirib: “İltihabı olan insanlar yalnız həyat tərzini dəyişməklə kifayətlənməməlidirlər. Onlar statinlərlə müalicə olunmalıdırlar. Bu dərmanlar riski azaltmaqda çox vacibdir”.
İnsult isə bütün dünyada ölüm və daimi əlilliyin aparıcı səbəblərindən biridir. Təkcə Böyük Britaniyada hər il 100 min insan insult keçirir və bu, orta hesabla hər beş dəqiqədən bir yeni hadisə deməkdir. İllik ölüm sayı 38 min civarındadır. ABŞ-də isə hər il təxminən 795 min insult baş verir, onların 137 mini ölümcül olur.
Araşdırma həmçinin piylənmənin xroniki iltihabın əsas səbəblərindən biri olduğunu göstərib. Piylənmə yalnız iltihabı artırmır, həm də tip 2 diabet, ürək xəstəlikləri və yüksək qan təzyiqi kimi digər ciddi problemlərə yol açır. 2016-cı ildə Amerika Qidalanma Akademiyası tərəfindən aparılan geniş araşdırma da təsdiqləyib ki, piylənməyə bağlı yüksək qan təzyiqi, yüksək qan şəkəri və qarın piylənməsi immunitet sisteminə güclü mənfi təsir göstərir.
Tərcümə: Könül Oruc