İspaniyanın Bask Ölkəsində iki ay ərzində onlarla körpə də daxil olmaqla 253 nəfərə istifadə müddəti bitmiş peyvəndlərin vurulduğu məlum olub.
E-saglam.az xəbər verir ki, faktın üzə çıxmasından sonra bölgənin səhiyyə orqanları araşdırma başladıb. Məlumat EH Bildu parlament qrupunun Bask Parlamentinə ünvanladığı şikayətdən sonra ictimailəşib. Rəsmilər bildiriblər ki, müddəti bitmiş dozaları alan şəxslərin heç birində mənfi yan təsir müşahidə edilməyib və bütün ailələrlə fərdi qaydada əlaqə saxlanılıb.
Söhbət difteriya, tetanoz, göyöskürək, hemofilus influenzae B, poliomielit və hepatit B-yə qarşı qoruyan altıvalentli peyvənddən gedir. Bu peyvənd körpələrə rutin immunizasiya cədvəli üzrə vurulur. Səhiyyə sistemi Osakidetza bildirib ki, müddəti bitmiş peyvəndlərin tətbiqi heç bir sağlamlıq riski yaratmır və təsirlənən hər bir şəxs üçün təkrar peyvənd planlaşdırılıb.
EH Bildu məsələ ilə bağlı sərt tənqid irəli sürərək, bəzi uşaqlara hətta iki dəfə müddəti bitmiş doza vurulduğunu bildirib və Osakidetza-nı protokollara əməl etməməkdə günahlandırıb. Partiyanın təqdim etdiyi məlumatda deyilir ki, peyvəndlərin son istifadə tarixinin izlənməsi ilə bağlı sistemli nəzarət boşluğu olub.
İspaniyanın şimalında yerləşən Bask Ölkəsinin 13 inteqrasiya olunmuş səhiyyə təşkilatından 12-də bu problem qeydə alınıb. Bask Səhiyyə Naziri Alberto Martinez açıqlamasında bütün halların müəyyən edildiyini və ailələrlə bilavasitə əlaqə saxlanıldığını bildirib. Nazir həmçinin vurğulayıb ki, təsirlənən hər kəsin tam immun qorunma əldə etməsi üçün əlavə doza vurulması tövsiyə olunur.
Səhiyyə mərkəzləri artıq ailələri məlumatlandıraraq revaksinasiya üçün yeni görüşlər təyin etməyə başlayıb. Hadisə, bölgədə peyvəndlə bağlı son aylarda ikinci qalmaqaldır. 2025-ci ilin sentyabrında Biskay əyalətində bir tibb bacısının peyvənd şüşələrini zibilə ataraq uşaqları peyvənd etdiyini iddia etməsi ilə bağlı məhkəmə prosesi başlamışdı. Prokurorluq həmin dövrdə 400-dən çox uşağın peyvəndsiz qaldığını hesab edir. Bu iki hadisə Bask səhiyyə sistemində peyvənd tətbiqi üzərində nəzarətin gücləndirilməsi ilə bağlı narahatlıqları artırıb.
Tərcümə: Könül Oruc