Tibbi xəbərlər
Tibbi xəbərlər
305

23 həftəsində 540 qram doğulan körpə necə sağ qaldı?

Hamiləliyin 23-cü həftəsində 540 qram bədən çəkisi ilə dünyaya gələn körpənin həyatı xilas edilib.

E-saglam.az xəbər verir ki, 18 oktyabr 2025-ci il tarixində özəl xəstəxanada çox erkən doğuş zamanı dünyaya gələn körpə bir müddət sonra kliniki ağır vəziyyətdə Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına təxliyə olunub.

Tibb müəssisəsinin Yenidoğulmuşların reanimasiyası şöbəsinə yerləşdirilən körpədə müayinələr zamanı kəskin tənəffüs çatışmazlığı, bronx-ağciyər displaziyası, bilateral pnevmotoraks, periventrikulyar leykomalasiya (PVL) və vaxtından əvvəl doğulmuşların retinopatiyası (ROP) diaqnozları təyin edilib.

Doğuş zamanı əkiz tayını itirən və doğulan gündən süni tənəffüs aparatına qoşulu olan körpə uzunmüddətli intensiv müalicə, daimi tibbi nəzarət və peşəkar həkim heyətinin səyi nəticəsində həyatda qalıb. Bir neçə aylıq ağır mübarizədən sonra körpənin vəziyyəti tədricən stabilləşib və həyati göstəriciləri normallaşıb.

Çəkisi 2 kiloqrama çatan körpənin həyatı təhlükəsi aradan qalxıb və vəziyyəti qənaətbəxş qiymətləndirildiyi üçün evə buraxılıb.

Hazırda ambulator müşahidəyə götürülən Nurun yaşamaq hekayəsi bir daha sübut edir ki, müasir tibb, vaxtında göstərilən ixtisaslaşmış tibbi yardım və peşəkar həkim heyətinin fədakarlığı ən çətin kliniki hallarda belə həyatın xilas edilməsinə imkan yaradır.

Onun hekayəsi vaxtından əvvəl doğulan körpələr üçün ümid və gələcəyə inam nümunəsidir.

Qeyd edək ki, bu, 48 yaşlı ananın 15 il sonsuzluqdan sonra dünyaya gətirdiyi ilk övladıdır.

E-saglam.az

Xəbərlə əlaqəli şəkillər

Şəkilləri böyüdüb baxa bilərsiniz


Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin
Bizi YouTube-da izləyin
Bizi TikTok-da izlə

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun