Tibbi xəbərlər
119 ölkədə yayılan təhlükə: Milyonlarla insan
Tibbi xəbərlər
201

119 ölkədə yayılan təhlükə: Milyonlarla insan risk altındadır

Dünya miqyasında yayılan yeni təhlükə Səhiyyə Təşkilatlarını hərəkətə keçirib. Artan səyahət, iqlim dəyişikliyi və urbanizasiya nəticəsində ağcaqanadlarla yoluxan viruslar artıq 119 ölkədə aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu viruslara qarşı ilk dəfə genişmiqyaslı müalicə protokolu hazırlayıb.

E-saglam.az xəbər verir ki, 5,6 milyard insan risk altındadır. Belə ki, ÜST-nin yaydığı 125 səhifəlik bələdçiyə əsasən, dünya əhalisinin yarısından çoxu — təxminən 5,6 milyard insan — ağcaqanadlarla yayılan xəstəliklərə qarşı həssasdır. Xüsusilə Aedes albopictus və Aedes aegypti növü ağcaqanadlar təhlükənin əsas daşıyıcılarıdır.

Əvvəllər yalnız tropik və subtropik bölgələrdə rast gəlinən bu növlər artıq Avropa da daxil olmaqla daha geniş coğrafiyalarda yayılmaqdadır.

Zika, çikungunya və sarı qızdırma yayılır

Çikungunya virusu bu günədək 119 ölkədə, Zika virusu isə 92 ölkədə qeydə alınıb. Afrikada sarı qızdırmanın yayılması isə ÜST tərəfindən "narahatedici" vəziyyət kimi qiymətləndirilir. Mütəxəssislər bildirirlər ki, bu xəstəlikləri Avropaya çox zaman tropik bölgələrdən qayıdan səyahətçilər daşıyır.

Simptomlar çaşdırıcıdır, diaqnoz çətindir

Qızdırma, səpgi, əzələ və oynaq ağrısı kimi qripə bənzər simptomlar bu virusların diaqnozunu çətinləşdirir. Laboratoriya testləri olmadan düzgün diaqnoz demək olar ki, mümkün deyil. Lakin bir çox regionlarda bu testlərin əlçatanlığı hələ də zəifdir.

ÜST-dən yeni müalicə təlimatı

Yeni təlimat yüngül və ağır halların necə müalicə ediləcəyinə dair protokollar təqdim edir. Məqsəd səhiyyə işçilərinə düzgün diaqnoz və effektiv müalicə imkanı verməkdir.

Profilaktik tədbirlər önəmlidir

ÜST, ağcaqanad dişləmələrindən qorunma, dərmanlama və maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayır. Peyvəndlə bağlı vəziyyət isə belədir:

  • Sarı qızdırma üçün təsdiqlənmiş və effektiv peyvənd var.

  • Çikungunya üçün məhdud sayda peyvənd mövcuddur.

  • Zika virusuna qarşı isə hələ rəsmi təsdiq almış peyvənd yoxdur.

ÜST dünyanı xəbərdar edir: qarşıda bizi daha böyük yoluxma dalğaları gözləyə bilər. Profilaktika və vaxtında diaqnoz həyati əhəmiyyət daşıyır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun