Tibbi xəbərlər
1 milyon uşaq üzərində araşdırma: Peyvəndlər təhlükəsizdir,
Tibbi xəbərlər
112

1 milyon uşaq üzərində araşdırma: Peyvəndlər təhlükəsizdir, autizm riski yoxdur

Danimarkada aparılan genişmiqyaslı araşdırma uşaqlıq peyvəndlərinin təhlükəsiz olduğunu və autizm riskini artırmadığını bir daha təsdiqləyib.

E-saglam.az-ın məlumatına görə, 1997–2018-ci illəri əhatə edən tədqiqatda bir milyondan çox uşağın sağlamlıq məlumatları analiz olunub. Nəticələr göstərib ki, peyvəndlər autizm spektr pozğunluğu, astma və ya immunitet sistemi xəstəlikləri ilə əlaqəli deyil.

Peyvəndlərin autizmə səbəb olması iddiası ilk dəfə 1998-ci ildə “The Lancet” jurnalında yayımlanan, lakin sonradan saxta olduğu üçün geri çəkilən məqalədən qaynaqlanır. Həmin araşdırmanın müəllifi Endryu Ueykfildin tibbi lisenziyası ləğv edilib. Buna baxmayaraq, bu yanlış fikir illərdir bəzi valideynlər arasında qalmaqdadır.

Danimarka Dövlət Serum İnstitutunun tədqiqatçısı Niklas Anderson bildirib ki, uşaqlıq peyvəndlərində istifadə olunan az miqdarda alüminiumun 50-dən çox müxtəlif xəstəlik riskini artırmadığı müəyyən edilib. Bu nəticələr, xüsusilə də pandemiya dövründə yayılan dezinformasiyalara qarşı mühüm elmi sübut hesab olunur.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, peyvəndlərlə bağlı yalan məlumatlar valideynlərin uşaqlarını qoruma tədbirlərindən imtina etməsinə, bunun da qızılca kimi xəstəliklərin Avropa və digər bölgələrdə yenidən yayılmasına səbəb olduğunu vurğulayırlar. 2010-cu ildən bəri bir çox Avropa ölkəsində uşaqlıq peyvəndlərinin əhatə faizi azalıb.

Elm adamları bildirirlər ki, autizmin əsl səbəbləri hələ də tam aydın deyil. Son illərdə diaqnozların artması diaqnostik meyarların genişlənməsi, eləcə də ekoloji amillərlə — məsələn, prenatal hava çirklənməsi və pestisidlərə məruz qalma ilə bağlı ola bilər. Amma bütün mövcud elmi sübutlar peyvəndlərin autizm riski ilə əlaqəsini rədd edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun