Yandex watch
Yuxusuzluqla mübarizə -

Keyfiyyətli yuxu həm fiziki, həm də ruhi sağlamlığın ayrılmaz hissəsi olsa da, dünyanın bir çox ölkəsində insanlar yuxu rejimini qorumaqda çətinlik çəkir. Həkimlər və mütəxəssislər yuxunun həyatın müxtəlif sahələrində məhsuldarlığı artırdığını vurğulasalar da, bu sahədə qlobal miqyasda ciddi problemlər müşahidə olunur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, yuxuya getməkdə çətinlik, gecə tez-tez oyanmaq və səhərlər təravətsiz hiss etmək yuxu keyfiyyətinin aşağı olduğunu göstərir. Keyfiyyətli yuxu yalnız fiziki sağlamlıq üçün deyil, eyni zamanda psixoloji balans, diqqət, yaddaş və gündəlik fəaliyyətlərdə məhsuldarlıq baxımından da mühüm rol oynayır.

Sağlam yuxu ürək xəstəlikləri, yüksək təzyiq, diabet və hətta avtomobil qəzası risklərini azalda bilər. Yuxu rejiminin yaxşılaşdırılması üçün mütəxəssislər eyni saatda yatıb oyanmağı, sərin və sakit bir yataq mühiti yaratmağı, elektronik cihazlardan uzaq durmağı və balanslı qidalanmanı tövsiyə edirlər.

Bununla belə, milyonlarla insan yuxusuzluq, narahat ayaq sindromu, narkolepsiya və yuxu apnesi kimi yuxu pozuntularından əziyyət çəkir. Bu problemlər ciddi sağlamlıq riskləri ilə yanaşı gündəlik həyat keyfiyyətini də aşağı salır. 2024-cü ilin sentyabr ayında ABŞ-da Milli Yuxu Fondu tərəfindən keçirilmiş sorğuda 1372 nəfərin yuxu vərdişləri araşdırılıb. Sorğuda iştirak edənlərin 72 faizi yaxşı yuxunun əhval-ruhiyyə və sosial həyata müsbət təsir etdiyini, 90 faizi isə iş məhsuldarlığının artdığını bildirib. Lakin iştirakçıların üçdə ikisindən çoxu yuxuya getməkdə çətinlik çəkdiyini etiraf edib.

ResMed şirkətinin 2024-cü ildə 17 ölkədə 36 min insan arasında keçirdiyi beynəlxalq sorğuya görə, respondentlərin əksəriyyəti yaxşı yatdıqda məhsuldarlığın artdığını qeyd edib. Məsələn, Taylandda bu nisbət 88 faiz, Braziliyada 78 faiz, Meksikada isə 77 faiz olub.Sorğuda həmçinin məlum olub ki, dünya əhalisinin təxminən 40 faizi həftədə üç gecədən az keyfiyyətli yuxu alır. Yaponiyada isə iştirakçıların yarıdan çoxu bu problemdən əziyyət çəkir və bu ölkə "ən yuxusuz ölkə" kimi göstərilir.

Böyük Britaniyada iştirakçıların 44 faizi tez-tez oyanmaqdan şikayətlənib. Braziliyada respondentlərin 60 faizi yuxu pozğunluqlarının əsas səbəbi kimi narahatlıq pozğunluğunu göstərib. Çində isə iştirakçıların 43 faizi işlə bağlı stressin yuxularını pozduğunu bildirib.Mütəxəssislər qeyd edirlər ki, məhsuldarlığın və ümumi həyat keyfiyyətinin artırılması üçün yuxu sağlamlığı prioritet olmalıdır. Bu istiqamətdə fərdi və ictimai səviyyədə maarifləndirmə işlərinin artırılması vacib hesab olunur.

 

Tərcümə : Zəhra Niftiyeva 

E-saglam.az