Uşaq olan evdə kondisionerdən necə istifadə edək ki, uşaq xəstələnməsin? - Pediatr danışır
Uşaq olan evdə kondisionerdən necə istifadə edək ki, uşaq xəstələnməsin? - Pediatr danışır

Yay fəsli gəlib və isti günlər başlayıb. İsti günlərdə sərinləmək üçün kondisionerdən istifadə artıq bir zərurət halına gəlib çıxıb. Bəs uşaq olan evlərdə kondisioneri necə istifadə etmək lazımdır ki, uşağa ziyan etməsin? Kondisioner yanan zaman otağın temperaturunu neçə dərəcədə saxlamaq lazımdır? Kondisionerdən düzgün istifadəni necə etməliyik?

E-saglam.az bildirir ki, həkim-pediatr Günay Rəsulova bütün bu sualları cavablayıb.

G.Rəsulova deyir ki, uşaqların xəstələnməməsi üçün hər fəsil dəyişəndə mütləq şəkildə kondisionerlərin filtirini dəyişmək lazımdır: "Bu çox önəmli məsələdir. Çünki bu, uşaqların kondisioner mənşəli infeksiyaların qapmasının qarşısını alır. Yəni, kondisionerdən xəstələnməsinin qarşısını alır.

Kondisioner mütləq şəkildə otağın temperaturunu tədricən düşürməlidir. 

Kondisionerin hava axını birbaşa olaraq uşağın yatağına vurmamalıdır. Bu uşağa ziyan edə bilər.

Uşağın kondisionerdən xəstələnməməyini istəyiriksə, vaxtaşırı olaraq otağın havalandırılmasına fikir verməliyik. Davamlı olaraq neçə saat ard-arda kondisioner yanarsa, bu otağın havasını quruda bilər. Əlbəttə ki, quru havada da uşaqlar xəstələnərlər. 

Ən əsas məsələlərdən biri isə kondisioner olan otaqda havanın nəmliliyinə nəzarətdir. Uşaq olan otaqda otaq termometri və hidrometr olmalıdır. Həm rütubətə, həm də temperatura nəzarət olmalıdır ki, uşaq xəstələnməsin.

Otağın temperaturunu normadan çox aşağı salmaq olmaz. Kondisionerli otağa girəndə insan üşüdüyünü hiss etməməlidir. Çünki kondisioner insanı üşütmək üçün deyil, sərinləndirmək üçündür.

Uşaq olan evdə temperaturu maksimum 21-22 dərəcədə qoruyub saxlamalıyıq. Kondisionerin olmaması, uşağın aşırı dərəcədə istilənməsi də ona zərərlidir, nəinki kondisionerlə otağı normal şəkildə sərinləndirmək. Kondisionerdən düzgün şəkildə istifadə etsək, otağın temperaturunu optimal qaydada saxlasaq, uşaq heç vaxt bundan xəstələnməz.

Hər zaman sağlam qalın!

Könül Oruc